Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək mühüm məqamlara diqqət çəkib. Qeyd edək ki, Bakının evsahibliyi etdiyi beynəlxalq tədbir artıq indidən WUF tarixində rekordlarla yadda qalır. Forumda iştirak etmək üçün 182-dən çox ölkədən 40 mindən artıq şəxs qeydiyyatdan keçib ki, bu da tədbirin tarixində rekord göstəricidir.
Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb ki, Azərbaycan bu forumu təşkil etməklə şəhərsalmanın inkişafına sadiqliyini nümayiş etdirir:
“Bu il mənim sərəncamıma əsasən, “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və forumun 13-cü sessiyasına evsahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik”. Dövlətimizin başçısı vurğulayıb ki, şəhərsalma elə bir məsələdir ki, Azərbaycan dövləti gündəlik əsaslarla onun üzərində işləyir: “Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər”.
Milli Məclisin deputatı Səyyad Aran gününsəsinə açıqlamasında qeyd edib ki, Dünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF) 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzuna, iqtisadiyyatına və şəhər inkişafına bir neçə istiqamətdə fayda verə bilər: “Bu tədbir COP 29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci böyük tədbirdir. Forumun Azərbaycanda uğurla keçirilməsi ölkənin qlobal səviyyədə tanınmasına kömək edir. Bakı müasir şəhərsalma, infrastruktur və nəqliyyat layihələrini nümayiş etdirmək imkanı qazanıb. Eyni zamanda, forumda müxtəlif ölkələrdən dövlət nümayəndələri, investorlar və şirkətlər iştirak edir. Bu isə tikinti, “ağıllı şəhər”, nəqliyyat və ekoloji layihələrə yeni investisiyaların cəlb olunmasına şərait yarada bilər. Azərbaycan digər ölkələrin uğurlu şəhər idarəçiliyi, ictimai nəqliyyat, yaşıl enerji və dayanıqlı inkişaf təcrübələrini öyrənir və bu gələcəkdə də davam edəcək. Bu biliklər gələcək şəhər layihələrində uğurla tətbiq olunacaq”.
Millət vəkili onu da vurğulayıb ki, WUF 13 Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və “ağıllı şəhər” konsepsiyalarını beynəlxalq ictimaiyyətə göstərmək üçün bir növ platforma rolunu oynaya bilər:
“Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Qarabağımızda geniş quruculuq-abadlıq işləri həyata keçirilir. Forumda iştirak edən xarici ölkə nümayəndələrinin bir çoxu Qarabağa səfər edərək orada aparılan işlərlə yerində tanış oldular. Hesab edirəm ki, bu forum Qarabağda görülən geniş quruculuq işlərinə müsbət töhfəsini verəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax Qarabağ bölgəsinin dağıdılmış şəhərlərinin bərpasında Azərbaycanın uğurlarını qeyd etdi. Forum hər baxımdan Azərbaycana uğur gətirəcək. BMT qurumları, beynəlxalq təşkilatlar və xarici şəhərlərlə əməkdaşlıq imkanları genişlənəcək. Bir sözlə Dünya Şəhərsalma Forumu Azərbaycan üçün həm siyasi və iqtisadi nüfuz, həm də şəhərlərin gələcək inkişafı baxımından mühüm imkanlar yaradır”.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.