ain.az bildirir, Bakivaxti portalına istinadən.
Son illərdə Azərbaycan beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib və bu tendensiya artıq sabit bir praktikaya dönüb.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, ölkənin bu cür nüfuzlu forumlara ev sahibliyi etməsi həm təşkilati imkanların gücləndiyini, həm də Bakının beynəlxalq arenada etibarlı və cazibədar platforma kimi qəbul olunduğunu göstərir. Deputat vurğulayıb ki, Azərbaycan təkcə iştirakçı deyil, eyni zamanda qlobal müzakirələrin təşkilatçısı kimi çıxış edən ölkələr sırasına daxil olub.
Hikmət Babaoğlu qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı çərçivəsində keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) kimi tədbirlər şəhərlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm qlobal platformalardır. Onun fikrincə, bu forumlar şəhərlərə yalnız yaşayış məkanı kimi deyil, həm də iqtisadi və sosial inkişafın əsas mərkəzləri kimi yanaşmanın formalaşmasına xidmət edir.
Millət vəkili əlavə edib ki, sürətlə artan urbanizasiya prosesləri şəhərlərin üzərinə yeni çağırışlar gətirir. İnfrastrukturun yüklənməsi, ekoloji problemlər və idarəetmə məsələləri bu sahədə daha çevik və innovativ yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan “ağıllı şəhər” konsepsiyalarının önəmi getdikcə artır.
Onun sözlərinə görə, Bakı bu istiqamətdə müəyyən üstünlüklərə malikdir və şəhərin həm tarixi, həm də müasir inkişaf modeli bunu təsdiqləyir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin müasir standartlar və “smart city” yanaşması əsasında qurulması Azərbaycanın bu sahədəki təcrübəsini daha da genişləndirir.
Babaoğlu bildirib ki, belə layihələr beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır və Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi təcrübə qlobal müzakirələrdə diqqət mərkəzinə çevrilir. Onun fikrincə, WUF13-ün Bakıda yüksək səviyyədə təşkili ölkənin beynəlxalq nüfuzuna əlavə dəyər qazandırıb.
Deputat sonda qeyd edib ki, bu tip beynəlxalq tədbirlər Azərbaycanın yalnız təşkilatçılıq bacarığını nümayiş etdirmir, həm də ölkənin siyasi və diplomatik mövqelərinin güclənməsinə xidmət edir. Onun sözlərinə görə, forum çərçivəsində Azərbaycanın reallıqlarının və regiondakı inkişaf proseslərinin dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır və bu, ölkənin qlobal arenadakı rolunu daha da möhkəmləndirir.
Murad İsmayıl
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.