BAKI, 20 may. TELEQRAF
"Plastiklə bağlı hər il 400 milyon ton tullantının yaranması artıq bir faktdır və gözlənilir ki, bu rəqəm 2030-cu ilə qədər üç dəfə artsın".
Teleqraf xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, təkcə bu rəqəm özü çox qorxuludur: "Bütün plastik tullantıların təxminən 40 faizi birbaşa qablaşdırma materiallarından ibarətdir. İndiyədək isə plastikin yalnız çox cüzi bir hissəsi təkrar emal olunub. 90 faizdən çoxu ümumiyyətlə təkrar emal edilmir. Təxminən 80 faizi torpaq sahələrinə və su hövzələrinə düşür, 10 faizə yaxını isə yandırılır. Bu isə xüsusilə su ehtiyatları və kənd təsərrüfatı baxımından ətraf mühit üçün son dərəcə baha başa gələn bir problemdir.
Ancaq mən deyərdim ki, insanların çoxunun bilmədiyi başqa bir məsələ də var. Bu, “Böyük Sakit Okean Zibil Yığını” adlanan heyrətamiz bir fenomendir. Okean axınları Amerikadan, Şərqi Asiyadan, Latın Amerikasından gələn böyük miqdarda plastik tullantıları Havay ilə Kaliforniya arasındakı mərkəzi bir bölgəyə daşıyır. Həmin plastik yığınının tərkibində 100 min tondan çox tullantı və 1,8 milyard plastik parçası var. Onun sahəsi Fransadan üç dəfə böyükdür. Təsəvvür edin — Fransadan üç dəfə böyük bir zibil sahəsi. Və bu hər il daha da böyüyür.
Bu, sadəcə “zibil adası” deyil. Daha çox xırda plastik və mikroplastik hissəciklərdən ibarət nəhəng bir topludur. Say baxımından əsas hissəni məhz mikroplastiklər təşkil edir. Bunlar çox kiçik hissəciklərdir. Bununla yanaşı, köhnə balıq torları və digər iri plastik tullantılar da burada toplanır".
Onun sözlərinə görə, bu problem hər il təxminən yüz min dəniz məməlisinin və milyonlarla quşun ölümünə səbəb olur:
"Artıq bu kiçik mikroplastiklərin balıqlarda və insanlarda da aşkar edildiyini görürük. Mən yaxın zamanda ABŞ Milli Akademiyalarında çıxış edirdim və orada bildirildi ki, çox balıq yeyən insanların beyinlərində belə mikroplastiklər tapılır.
Deməli, biz artıq çox ciddi və təxirəsalınmaz tədbirlərə ehtiyac olan bir vəziyyətdən danışırıq. Əgər indi hərəkət etməsək, gələcəkdə bunun çox böyük və dağıdıcı nəticələri olacaq. Buna görə də görülən bütün işləri tam dəstəkləyirəm. Sizin etdiyiniz iş son dərəcə vacibdir. Sadəcə insanların problemin miqyasını başa düşməsi vacibdir.
Mən xüsusilə fəxr edirəm ki, Azərbaycan bu istiqamətdə addımlar atır və ümid edirəm ki, ölkə plastik tullantılarla mübarizəyə daha böyük təkan verəcək. Bu məsələ yalnız gələcək nəsillər üçün deyil, hamımız üçün həyati əhəmiyyət daşıyır".