AZ

Qurbanlıq qoyun hansı şərtlərə uyğun seçilməli və necə kəsilməlidir? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qurban bayramı yaxınlaşdıqca qurbanlıq heyvanların seçilməsi və dini qaydalara uyğun kəsilməsi məsələsi yenidən aktuallaşır. İslam dinində qurban ibadətinin yalnız heyvan kəsməkdən ibarət olmadığı, burada niyyətin, paylaşmağın və mənəvi məsuliyyətin əsas rol oynadığı vurğulanır. Bəs qurbanlıq qoyun hansı şərtlərə uyğun seçilməli və dini qaydalara əsasən necə kəsilməlidir?

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli KONKRET.az-a açıqlamasında bildirib ki, qurbanın qəbul olunması üçün həm heyvan seçimi, həm də kəsim prosesi dini ölçülərə uyğun həyata keçirilməlidir.

“Qurbanlıq heyvan seçilərkən ilk növbədə yaş həddinə diqqət yetirilməlidir. Qoyun və keçilər ən azı 1, iri buynuzlu heyvanlar isə minimum 2 yaşında olmalıdır. Bu şəriət ölçüsü heyvanın müəyyən yaşam müddətini tamamlaması ilə bağlıdır. Qurbanlıq heyvan sağlam və baxımlı olmalıdır. Heyvanın buynuzu sınıq, qulağı kəsik və ya həddindən artıq arıq olmaması vacib sayılır. Qurban üçün ən sağlam və ən yaxşı heyvan seçilməlidir”.

İlahiyyatçı kəsim zamanı da bir sıra mühüm məqamlara diqqət yetirilməsinin vacibliyini bildirib.

“Heyvan qibləyə tərəf yönəldilməli, “Bismillah, Allahu Əkbər” deyilərək və heyvana əziyyət verilmədən kəsilməlidir. Kəsim prosesinin sürətli və heyvanı incitməyəcək şəkildə həyata keçirilməsi tövsiyə olunur.

Kəsilən qurbanlıq heyvanın ətinin üç hissəyə bölünməsi məsləhət görülür. Bir hissə ailəyə, bir hissə qonşu və yaxınlara, digər hissə isə ehtiyacı olan insanlara paylanmalıdır. İslamda əsas məsələ qurbanın mahiyyəti və niyyətdir”.

O, Qurani-Kərimdə qeyd olunan “Allaha nə onların əti, nə də qanı çatır. Allaha çatan sizin təqvanızdır” ayəsini xatırladaraq, səmimi niyyətin önəmini vurğulayıb.

“Qurban” sözü yaxınlaşmaq mənasını ifadə edir. Bu ibadət həm insanın Allaha yaxınlaşmasını, həm də ehtiyacı olanlarla həmrəylik qurmasını simvolizə edir. Qurban ənənəsinin tarixi Habil və Qabil hadisəsinə qədər gedib çıxır”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
konkret.az

2Mənbələr