AZ

“Azad edilmiş ərazilərdə məskunlaşma güclü iqtisadi təməllə dəstəklənir” - Vahid Hacıyev

“İşğaldan azad edilmiş ərazilərdə yenidən məskunlaşma iqtisadi inkişaf və məşğulluq imkanları olmadan mümkün olmazdı. Güclü iqtisadi təməl dayanıqlı məskunlaşmanın əsas şərtlərindən biridir”.

SİA xəbər verir ki, bu sözləri Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri” tədbirində deyib.

Vahid Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması məqsədilə vergi və gömrük güzəştləri, güzəştli maliyyə mexanizmləri, investor və sahibkarlar üçün sadələşdirilmiş şərtlər tətbiq olunur.

Xüsusi nümayəndə qeyd edib ki, bu siyasət bölgədə biznes mühitinin formalaşdırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına mühüm töhfə verir.

Vahid Hacıyevin sözlərinə görə, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında fəaliyyət genişlənməkdədir: “Araz çayının yaxınlığında yerləşən zonada artıq 19 rezident və 3 qeyri-rezident biznes subyekti fəaliyyət göstərir”.

O vurğulayıb ki, bölgədə “yaşıl enerji” həllərinə xüsusi önəm verilir: “Zəngilanda 50 meqavat gücündə dörd su elektrik stansiyası fəaliyyət göstərir. Evlərin və binaların damları günəş panelləri ilə təchiz olunub”.

Vahid Hacıyev əlavə edib ki, Zəngilanın günəş enerjisi potensialı Azərbaycanın bir çox digər əraziləri ilə müqayisədə daha yüksəkdir və bu imkanlardan maksimum istifadə olunur.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
14
1
sia.az

2Mənbələr