AZ

Seçkidə iştirakdan qorxan Xocalı canisi – Sərkisyanın çağırışına məhəl qoyan olacaq?  

Ermənistanın keçmiş prezidenti, Xocalı cəlladı Serj Sərkisyan seçki ərəfəsində Nikol Paşinyana qarşı sərt bəyanatlarla çıxış edib. Revanşist düşərgənin əliqanlı fiqurlarından sayılan Sərkisyan yaydığı videomüraciətdə Paşinyan hakimiyyətini “məhvedici rejim” adlandırıb.

O, Ermənistan vətəndaşlarını seçkilərdə hakimiyyətin dəyişməsi üçün səs verməyə çağırıb.

“Bugünkü alçaldılmaya son qoyacaq qüvvələr seçilməlidir”,-deyə Sərkisyanın bəyanatında bu ifadə yer alıb. Bundan başqa Sərkisyan mövcud hakimiyyəti məxfi sövdələşmələrdə ittiham edib.

Ermənistan parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə ümumilikdə 19 siyasi qüvvə – 2 blok və 17 partiya iştirak edəcək. Sərkisyanı partiyası seçkilərə qatılmır, özü də namizəd deyil. 

Siyasi analitiklər hesab edir ki, Serj Sərkisyanın seçkilərdə özü və partiyası iştirak etmədiyi halda kampaniya dövründə fəallaşması təsadüfi deyil. Bu, ilk növbədə Ermənistan daxilində revanşist düşərgənin siyasi koordinasiya cəhdi kimi qiymətləndirilə bilər.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, seçkidə iştirak etməkdən qorxan Sərkisyanın indi aktivləşməsi bir neçə məqsədə xidmət edir:

“Sərkisyan anlayır ki, onun şəxsi siyasi reytinqi yoxdur və birbaşa hakimiyyət iddiası cəmiyyət tərəfindən ciddi dəstək görməyə bilər. Buna görə də o, ön plana çıxmaqdan çox, anti-Paşinyan elektoratını ideoloji və emosional baxımdan səfərbər etməyə çalışır. Burada əsas məqsəd Nikol Paşinyan əleyhinə səslərin parçalanmamasına nail olmaqdır. Sərkisyanın “alçaldılma”, “məhvedici rejim”, “məxfi sövdələşmələr” kimi ifadələri də məhz seçicilərdə emosional mövqe yaratmaq xarakteri daşıyır. O, xüsusilə ikinci Qarabağ müharibəsindən sonra formalaşmış narazı elektoratda belə bir rəy formalaşdırmağa çalışır ki, Paşinyan hakimiyyəti Ermənistanın təhlükəsizlik və dövlətçilik maraqlarını zəiflədib.

Eyni zamanda Sərkisyanın aktivləşməsi həm də Rusiyaya yaxın siyasi dairələrin seçkiöncəsi yenidən koordinasiya axtarışına çıxdığını göstərir. Ermənistan daxilində Paşinyanın Qərbə yaxınlaşma siyasətindən narazı olan qüvvələr var və bu düşərgəyə keçmiş hakimiyyət nümayəndələri, müəyyən təhlükəsizlik elitaları, bəzi kilsə çevrələri və Moskvaya yaxın siyasi qruplar daxildir. Bu baxımdan, Sərkisyanın çıxışı müəyyən mənada revanşist və Rusiyameylli düşərgənin ortaq informasiya-siyasi xəttinin bir hissəsi sayıla bilər. Ancaq bunu tam vahid cəbhə kimi təqdim etmək də doğru olmaz. Çünki Ermənistan müxalifəti daxilində liderlik uğrunda rəqabət mövcuddur və pərakəndəlik müşahidə olunur. Paşinyana qarşı vahid namizədlə seçkiyə gedə bilməyən müxalifət dağınıqdır. Yəni ortaq düşmən Paşinyan olsa da, alternativ hakimiyyət modeli üzərində tam konsensus yoxdur”.

Ç.Qənizadə qeyd edib ki, Serj Sərkisyanın hakimiyyət dövrü Ermənistanda korrupsiyanın çiçəkləndiyi, avtoritar sərt rejimin kök atdığı dövr kimi erməni xalqının yaddaşından silinməyib. Ona görə də bu Xocalı cəlladının ölkədə nüfuzu sıfıra yaxındır:

“Bu reallıq isə Sərkisyanın çağırışlarının xalqın seçiminə, mövqeyinə təsir göstərməsini də sıfıra yaxın edir”.

 

Etibar Seyidağa,
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr