AZ

Qarışqalar evə gedən yolu necə tapırlar? Ən yaxşı 5 həşərat qabiliyyəti

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Siz bir qarışqanın üzərinə basırsınız və bir dəqiqə sonra onun digər həmcinsləri insan gözünə görünməyən cığırla sıra ilə hərəkət etməyə başlayır. Onlar GPS və naviqator olmadan necə istiqamət tapırlar?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, qarışqaların naviqasiya sistemi hətta kosmik gəmilərin imkanlarını xatırladır.

Günəş kompası

Qarışqalar günəşin səmadakı mövqeyinə əsasən istiqaməti müəyyən edə bilirlər. Hətta günəş buludların arxasında gizlənsə belə, onlar insanın görə bilmədiyi qütbləşmiş işığı -atmosferdə işıq şüalarının yayılma formasını görə bilirlər.

Səhra qarışqaları əlavə olaraq Yer kürəsinin geomaqnit sahəsindən də istifadə edirlər. Bu sayədə heç bir görünən orientir və günəş işığı olmadan belə yuvalarına qayıda bilirlər.

Feromon izi

Ən məşhur üsul kimyəvi işarələrdir. Qarışqalar qida mənbəyinə gedərkən xüsusi qoxulu maddə - feromon ifraz edərək yol çəkirlər. Feromonun miqdarı yolun nə qədər vacib olduğunu göstərir. Qida tükəndikdə isə qarışqalar artıq izi işarələmir və qoxu zamanla yox olur.

Amma bu, yeganə üsul deyil. Maraqlıdır ki, qarışqalar getdikləri yolu yadda saxlayır və geri qayıdarkən bütün döngələri təkrarlamadan birbaşa istiqamət götürə bilirlər. Sanki onlar yuvalarından yüzlərlə metr uzaqda etdikləri bütün dönüşləri hesablayırlar.

Vizual orientirlər

Bir çox qarışqa növü görmə qabiliyyətinə güvənir. Onlar yaxınlıqdakı ağacların, kolluqların və digər obyektlərin formasını yadda saxlayırlar. Araşdırmalar göstərib ki, tanış bir budağın yerini dəyişsəniz, qarışqalar yollarını azırlar.

Cataglyphis fortis növü isə hətta öz orientirlərini yaradır — yuvalarının girişinin ətrafında kiçik təpəciklər düzəldərək evə gedən yolu işarələyirlər. Alman alimləri bu davranışa heyran qalıblar.

Daxili addımölçən

Nə günəş, nə də feromon olmadıqda qarışqalar daxili “odometr”dən istifadə edirlər — yəni addımlarını sayırlar. Qarışqanın addım uzunluğu sabitdir və o, yuvadan qidaya qədər neçə addım atdığını yadda saxlayaraq geri yolu dəqiq tapır, hətta başqa yerə aparılsa belə.

Entomoloqlar sübut edib ki, qarışqalar hərəkətin sürətini və istiqamətini birləşdirərək beyinlərində dəqiq vektor xəritəsi qururlar. Hətta bir neçə kilometr qaçsalar belə, istiqaməti itirmirlər.

İstiqamətlər “şəbəkəsi” yaddaşı

Qarışqalar yalnız bir yolu deyil, bütöv marşrut şəbəkəsini yadda saxlayırlar. Onlar tamamilə yeni bir ərazidə qida axtarsalar belə, maqnit hissiyyatı vasitəsilə yuvalarına qayıda bilirlər.

Maraqlıdır ki, qarışqalar marşrut məlumatlarını bir-birilərinə bığcıqları ilə toxunaraq ötürürlər. Onların “rəqsləri” arıların məlumat ötürmə üsulundan heç də geri qalmır.

Növbəti dəfə qarışqa cərgəsi görəndə bilin ki, qarşınızda insanın hələ tam təqlid edə bilmədiyi mürəkkəb naviqasiya sistemi dayanır.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr