AZ

Gülyanaq və GülyazMəmmədovalar "Turan marşı"nı təqdim etdilər

BAKI, 20 may. TELEQRAF

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar “Turan marşı” adlı mahnıya çəkilən klipi təqdim ediblər.

Gülyanaq Məmmədova Teleqraf-a açıqlamasında bildirib ki, “Turan marşı”nı ifa etmək onlar üçün böyük qürur mənbəyidir.

Onun sözlərinə görə, türk dövlətlərinin birliyi hər zaman ən böyük arzularından biri olub: “ Məşhur “Çırpınırdı, Qara dəniz” mahnısında dediyimiz kimi, bayrağımızı Turanda asacağıq, dövlətlərimiz bir mövqedə olacaq. “Turan marşı” məhz bu səbəbdən bizim üçün çox böyük əhəmiyyət daşıyır".

Xalq artisti klip çəkilişlərinin Naxçıvandakı Əlincə qalasında aparıldığını bildirib: "İlk dəfədir Əlincə qalasında klip çəkilir. Mahnının sözü və musiqisi Nəsibə İsrafiqızına aiddir. Klipdə əməyi keçən hər kəsə minnətdarıq".

Gülyanaq Məmmədova əlavə edib ki, indiyədək çoxsaylı vətənpərvərlik mahnıları ifa edib: "Qədim tariximizi əks etdirən bir məkanda çəkiliş etməyi özümüzə borc bildik".

O, Əlincə qalasında yaşadığı duyğuların Şuşa səfəri zamanı keçirdiyi hisslərlə eyni olduğunu vurğulayıb: "Göz yaşları, sevinc və kövrək hisslər… Bunu sözlə ifadə etmək çox çətindir”.

Xalq artisti Gülyaz Məmmədova da hesab edir ki, “Turan marşı”nın tarixi məkanda çəkilməsi xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, hazırda Azərbaycanın qədim abidələri dövlət tərəfindən həm qorunur, həm də abadlaşdırılır, eyni zamanda onların təbliğatı gücləndirilir: "Bu layihə davam edir və biz bunu yaşatmalıyıq".

Seçilən
22
teleqraf.com

1Mənbələr