İdman, oyun və rekreasiya imkanları mənzil, nəqliyyat və ictimai məkanlar kimi şəhər həyatının vacib elementlərindən biri hesab olunmalıdır.
“APA-Economics” xəbər verir ki, bu fikirlər WUF13 çərçivəsində keçirilən “Cities as Playing Fields” (“Şəhərlər oyun və idman məkanları kimi”) adlı xüsusi sessiyada nümayiş etdirilən video müraciətdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax tərəfindən səsləndirilib.
Video müraciətdə bildirilib ki, şəhərlərin planlaşdırılması, maliyyələşdirilməsi və idarə olunması insanların yalnız harada yaşadığını deyil, həm də necə hərəkət etdiyini, ünsiyyət qurduğunu, oynadığını və cəmiyyətə inteqrasiya olunduğunu müəyyən edir.
Anaklaudiya Rossbax qeyd edib ki, UN-Habitat idmanı inklüzivlik, sağlamlıq, təhlükəsizlik və icma rifahı ilə birbaşa bağlı olan şəhər infrastrukturunun tərkib hissəsi kimi qiymətləndirir.
O vurğulayıb ki, idmanın şəhər inkişafına inteqrasiyası üçün hökumətlər, şəhərsalma mütəxəssisləri, idman təşkilatları və maliyyə institutları arasında əməkdaşlıq vacibdir.