Bakı, 20 may, AZƏRTAC
Dövlət-özəl sektor tərəfdaşlığı şəhər infrastrukturunun inkişafında və müasir şəhər məkanlarının formalaşmasında mühüm rol oynaya bilər.
Bu barədə AZƏRTAC-a Asiya İnkişaf Bankının (AİB) Su və şəhər inkişafı departamentinin direktoru Srinivas Sampat bildirib.
O qeyd edib ki, dövlət-özəl sektor tərəfdaşlığı mexanizmləri xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına, infrastruktur layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinə, innovasiya və texnologiyaların tətbiqinə və uzunmüddətli özəl kapitalın cəlb edilməsinə töhfə verə bilər. Agentliyin həmsöhbəti bildirib ki, bu cür tərəfdaşlıqlar səmərəli şəkildə, aydın planlaşdırma və nəzarət mexanizmləri ilə istifadə edildikdə torpaq istifadəsi və infrastrukturun inkişafı proseslərinə inteqrasiya edilə bilər.
Departament direktoru dövlət-özəl sektor tərəfdaşlığı üçün ən böyük potensialın bir neçə əsas sahədə olduğunu vurğulayıb. Bunlara nəqliyyat mərkəzləri ətrafındakı ərazilərin inkişafı və əlverişli mənzil təminatı ilə çoxfunksiyalı inkişafların yaradılması, şəhərsalma və sənaye zonalarının yenidən qurulması, yaşıl və davamlı infrastrukturun inkişafı, rəqəmsal texnologiyaların və vətəndaşlara xidmətlərin tətbiqi, turizmin inkişafı və bələdiyyə maliyyələşdirməsinin təkmilləşdirilməsi daxildir.
Müxbir – Tamilla Məmmədova