AZ

“Bu müsahibə Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin göstəricisidir” - DEPUTAT DANIŞDI

“Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi “Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq” fikri Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri bu istiqamətdə dünyanın diqqətini cəlb edən nümunələrdən birinə çevrilib:
“Bu gün Qarabağ və Şərqi Zəngəzurda tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması prosesi sürətlə davam edir. Müasir yolların çəkilməsi, hava limanlarının inşası, yaşayış məntəqələrinin planlı şəkildə bərpası və ən son texnologiyaların tətbiqi göstərir ki, Azərbaycan postmünaqişə dövründə yeni inkişaf modeli formalaşdırır. Burada əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, həm də müasir, dayanıqlı və insan yönümlü yaşayış məkanları yaratmaqdır.
Prezident İlham Əliyevin vurğuladığı təcrübənin əsas xüsusiyyətlərindən biri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqidir. Artıq Ağalı kəndi kimi layihələr göstərir ki, Azərbaycan ən müasir texnologiyaları, yaşıl enerji həllərini və rəqəmsal idarəetmə sistemlərini praktik şəkildə həyata keçirə bilir. Bu yanaşma həm insanların rahat yaşayışını təmin edir, həm də ekoloji dayanıqlılığı gücləndirir.
Eyni zamanda, həyata keçirilən layihələr ölkənin iqtisadi və sosial inkişafına mühüm töhfə verir. Yeni infrastruktur layihələri regionların inkişafını sürətləndirir, əhalinin geri qayıdışı üçün əlverişli şərait yaradır və uzunmüddətli iqtisadi canlanmanı təmin edir. Bu proses Azərbaycanın dövlət idarəçiliyi və strateji planlaşdırma sahəsində də güclü potensiala malik olduğunu nümayiş etdirir.
“Euronews” kimi nüfuzlu beynəlxalq platformaya verilən bu mesaj həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin göstəricisidir. Bu gün ölkəmiz yalnız enerji və nəqliyyat sahəsində deyil, şəhərsalma və bərpa sahəsində də beynəlxalq səviyyədə diqqət çəkən təcrübəyə sahib dövlət kimi çıxış edir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
4
1
sia.az

2Mənbələr