NATO müttəfiq ölkələri ABŞ-ın Avropa istiqamətində hərbi mövcudluğunu azaltmaq planları fonunda mümkün boşluğun necə doldurulacağını müzakirə edir. Bu məqsədlə alyansın Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə alternativ planların hazırlanması tapşırılıb.
Publika.az məlumatı "Politico" diplomatik mənbələrə istinadən yayıb.
Bildirilib ki, söhbət ABŞ-ın Avropadakı hərbi qüvvələrinin mərhələli şəkildə azaldılması və bunun nəticəsində yaranacaq boşluğun NATO daxilində yenidən bölüşdürülməsindən gedir. Vaşinqton artıq Polşaya planlaşdırılan təxminən 4 min nəfərlik briqadanın rotasiyasından imtina edib. Bundan əlavə, ABŞ Almaniyada yerləşən daha 5 min hərbçini də geri çağırmağı nəzərdən keçirir.
Mənbələrin iddiasına görə, Almaniyadakı qüvvələrin azaldılması Avropada ABŞ hərbi mövcudluğunun ümumi ixtisarı istiqamətində atılan addımların bir hissəsidir. Polşaya göndərilməsi planlaşdırılan bəzi bölmələrin isə Almaniyada artıq yerləşən qüvvələrlə əvəzlənməsi variantı da müzakirə olunur.
NATO daxilində hələlik ABŞ qüvvələrinin əvəzlənməsinin konkret vaxt cədvəli müəyyən edilməyib. Məsələ alyansın növbəti dördillik müdafiə planlaşdırma dövrünə daxil edilə və ya daha sürətli şəkildə həll oluna bilər.