AZ

Asiya İnkişaf Bankı son beş ildə mənzil sektoru üçün 1,7 milyard dollar vəsait ayırıb

Bakı, 20 may, AZƏRTAC

Bu platforma artıq BMT sistemi ilə çoxtərəfli inkişaf bankları, o cümlədən Asiya İnkişaf Bankı arasında mühüm əməkdaşlıq mexanizminə çevrilib. Bu baxımdan təşkil olunan tədbir olduqca vacib və vaxtında atılmış bir adımdır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində gündəmə gətirilən “Dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu bizə bir daha xatırladır ki, mənzil təminatı yalnız sosial sektorun işi deyil. Bu, eyni zamanda, şəhər inkişafı, iqlim dayanıqlılığı, maliyyələşmə və idarəetmə məsələsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Asiya İnkişaf Bankının (AİB) Su və Şəhər İnkişafı Sektoru Ofisinin baş direktoru Noriyo Sayito WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil maliyyələşdirilməsindən yerli əlçatan mənzil gündəliyinə: Qlobal inkişaf və submilli maliyyələşdirmədən istifadə" adlı tədbirdə çıxış edərkən deyib.

Baş direktor rəhbərlik etdiyi qurum üçün bu müzakirələrin xüsusilə böyük aktuallıq kəsb etdiyini vurğulayıb: “Asiya və Sakit okean regionunda sürətli urbanizasiya iqtisadiyyatları və cəmiyyətləri dəyişdirməyə davam edir. Şəhərlər iqtisadi artımın, məşğulluğun və innovasiyanın əsas hərəkətverici qüvvəsidir. Amma, eyni zamanda, mənzil əlçatanlığı probleminin ən ciddi şəkildə hiss olunduğu yerlər də məhz şəhərlərdir. Azgəlirli ailələr, miqrantlar, qeyri-rəsmi sektorda çalışanlar, gənc ailələr, təsərrüfatlarda işləyən qadınlar və qeyri-formal yaşayış məntəqələrinin sakinləri təhlükəsiz, standartlara cavab verən və əlçatan mənzil tapmaqda daha böyük maneələrlə üzləşirlər”.

Noriyo Sayito qeyd edib ki, əsas məsələ yalnız daha çox maliyyə vəsaitinin ayrılması deyil, bu dəstəyin ünvanlılığının təmin edilməsidir: “İnkişaf maliyyəsi indiyədək daha çox mənzil dəyər zəncirinin ayrı-ayrı komponentlərini – ipoteka kreditlərini, infrastrukturu, tikintini və ya yaşayış məhəllələrinin yenilənməsini dəstəkləyib. Bunların hamısı vacibdir, lakin mənzil təminatına vahid bir sistem kimi yanaşmaq lazımdır. Bu sistem torpaq sahələrinin ayrılması, planlaşdırma, infrastruktur quruculuğu, baza xidmətləri, tənzimləyici qaydalar, ailə büdcəsi və yerli təsisatların koordinasiyalı fəaliyyətindən asılıdır. Asiya İnkişaf Bankı olaraq son beş ildə mənzil sektoru üçün 1,7 milyard dollar məbləğində maliyyə vəsaiti ayırmışıq və bu sahəyə tələbat getdikcə artmaqdadır”.

Seçilən
12
1
azertag.az

2Mənbələr