Rusiya iqtisadiyyatının Avropadan sonrakı ən böyük ümidi sayılan regional enerji layihələrindən biri ilə bağlı Pekində keçirilən yüksək səviyyəli danışıqlardan gözlənilməz rəsmi xəbər gəlib. Moskva və Pekin arasında strateji qaz kəmərinin inşası məsələsində ciddi fikir ayrılıqlarının hələ də qaldığı üzə çıxıb.
Musavat.com xəbər verir ki, Rusiya və Çin nümayəndə heyətlərinin Pekində baş tutan geniş tərkibli danışıqlarının yekununda "Sibirin gücü — 2" ("Sila Sibiri — 2") qaz kəməri layihəsinin reallaşdırılma müddətləri barədə rəsmi razılıq əldə olunmayıb. Bu barədə sensasion bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Kreml rəsmisinin sözlərinə görə, tərəflər layihənin ümumi konturları və əsas parametrləri üzrə müəyyən bir anlaşmaya bütövlükdə nail olublar. "Ümumilikdə "Sibirin gücü — 2" kəməri ilə bağlı əsas parametrlər üzrə ortaq məxrəc var. Marşrutun necə olacağı və tikintinin hansı formada aparılacağı ilə bağlı da mövqelər bəllidir. Sadəcə olaraq bəzi texniki nüansları tamamlamaq qalıb, lakin ümumi mənzərə aydındır", — deyə Peskov vurğulayıb.
Buna baxmayaraq, Peskov nəhəng enerji layihəsinin faktiki olaraq nə vaxt işə düşəcəyinə və tikinti qrafikinə dair konkret müddətlərin hələ də müəyyənləşdirilmədiyini etiraf edib. O, mövcud qeyri-müəyyənliyə bəraət qazandırmağa çalışaraq, əldə olunmuş indiki razılaşmaları belə Rusiya tərəfi üçün "kifayət qədər böyük bir nailiyyət" adlandırıb.
Musavat.com