AZ

Fevraldan görünməyən Xamenei - Niyə İNDİ üzə çıxmır?

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur ABŞ və İsrail bombardmanları nəticəsində zərər çəkən ali rəhbər Müctəba Xameneinin səhhəti barədə danışıb. İRNA-nın xəbərinə görə, o deyib ki, xəsarətlər Xameneinin görünüşünə xələl gətirməyib. Kermanpur həmçinin qeyd edib ki, Qərb şayiələrinin əksinə olaraq, xəsarətlər heç bir bədən üzvünün amputasiyasına və ya əlilliyə səbəb olmayıb.

Bəs fevraldan bəri üzə çıxmayan Xamenei publik olaraq niyə görünmür? Hazırda atəşkəs dövrüdür, onun videomüraciət etməsi üçün problem olmamalıdır. O halda səbəb nə ola bilər?

İrana

Musavat.com-a danışan İran siyasəti üzrə siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, Müctəba Xameneinin fevralın 28-dən bəri görünməməsini İran rəsmiləri təhlükəsizliklə bağlayırlar. “Onlar bildirirlər ki, əgər Xamenei üzə çıxarsa, düşmən onun yerini müəyyən edərək, məhv edilməsi üçün addımlar ata bilər. Təbii ki, rəsmi Tehran bundan artığını deyə bilməz. Əslində, heç ABŞ və İsrail mənbələri də Xameneinin ölümünü təsdiqləmirlər. Məsələn, bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahu, Pentaqonun şefi Pit Hetseq də təsdiqləmişdilər ki, İranın dini lideri sağdır. Yəni oğul Xameneinin sağ olması bütün tərəflərdən təsdiqlənir”.

F.Fəraməzoğlunun sözlərinə görə, onun indiyə qədər üzə çıxmaması bir neçə mətləblə bağlıdır: “Birincisi, onun aldığı zərbələrdən ağır yaralandığı dəqiqdir. Həmçinin yaraların tam sağalması uzun zaman tələb edir. Çünki Xamenei atası və digər ailə üzvləri ilə birlikdə ağır bombardmana düşüb. Hətta sağlıq durumu barədə nikbin fikirlər də yoxdur. Hərçənd İran rəsmiləri bunu inkar edirlər. İkincisi, həmin zərbələrdən üzünün eybəcər vəziyyətə düşdüyü, ayağı və əlinin amputasiya edildiyi xəbərləri ilk gündən bildirilir. Belə olan halda, onun faktiki durumda efirə çıxarmaq heç də xoş olmayan haldır. Həmçinin cəmiyyətin özündə etimadsızlığın yaranmasına gətirib çıxara bilər”.

Siyasi şərhçi deyib ki, İranda tibb yaxşı inkişaf edib və onu üz-çənə cərrahları əməliyyat edərək əvvəlki olmasa da, adam içinə çıxacaq hala sala bilərlər: “Lakin ayaq və ya əlin amputasiyasını kosmetik şəkildə düzəltmək və ya bərpa etmək mümkün deyil. Üçüncüsü, onun aldığı zərbələrdən komada olması və ya anlaqlı vəziyyətdə olmamasıdır. Bu səbəbdən də yaranan fikir bu idi ki, Xameneinin şüuru özündə deyil, bu səbəbdən də cəmiyyətə özünü göstərə bilmir”.

İranın

Həmsöhbətimiz ehtimal edir ki, İranın yeni dini lideri sağ olsa da, anlaqlı vəziyyətdə olmaya bilər: “Belə qənaətə gəlməyimin bir neçə səbəbi var: müharibə dönəmində onun adından verilən bəyanatların ritorikasına diqqət etmək lazımdır. Bu bəyanatların bir din xadimi tərəfindən deyil, birmənalı olaraq SEPAH generalı tərəfindən hazırlandığı aşkar hiss olunurdu. Təbii ki, müharibə dövründə ölkəyə rəhbərlik edən şəxsin açıqlamaları sərt olmalıdır. Lakin bu bəyanatlardakı sərtliyin din xadimi ilə yox, bir hərbçinin peşəsi ilə bağlılığı daha çox diqqəti çəkirdi.
İkincisi, bu müddət ərzində onun hələ də açıq videosunun yayılmamasıdır. Bu azmış kimi, onun səs yazısı da ortalıqda yoxdur. Yalnız müharibənin ilk günündə bir dəfə səsli mesajı yayıldı, lakin sonradan məlum oldu ki, həmin səs yazısı da süni intellekt vasitəsi ilə hazırlanıb. Bu halın özü onu deməyə əsas verir ki, İranın dini lideri yaşasa da, ya koma vəziyyətindədir, ya da sağlamlığı o dərəcədə yerində deyil”.

Təhlilçi hesab edir ki, bu müddət ərzində onun epizodik də olsa hansısa müşavirə keçirdiyi görüntüsü yayıla bilərdi: “Rejim tərəfdarlarına indiki məqamda bu olduqca vacibdir. Çünki onun hansı vəziyyətdə olmasında ən maraqlı elə tərəfdarlarıdır. Bu, ona etimadın qalmasını təmin etmiş olardı".


Cavanşir Abbaslı
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr