AZ

Bakı qlobal şəhərsalma dialoqunun və dayanıqlı inkişafın beynəlxalq mərkəzidir.



2026-cı il mayın 17-dən 22-dək Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF) 13-cü Sessiyası qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformalarından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilən Forum dayanıqlı şəhər inkişafı, müasir urbanizasiya çağırışları, inklüziv yaşayış mühitinin formalaşdırılması və ekoloji tarazlığın qorunması istiqamətində dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal əməkdaşlıq platformalarında artan nüfuzunun və beynəlxalq etimadın mühüm göstəricisidir. Son illərdə Azərbaycan siyasi, iqtisadi, humanitar və idman sahələrində mühüm beynəlxalq tədbirlərin keçirildiyi etibarlı məkan kimi tanınmış, müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu təşviq edən ölkə kimi öz mövqeyini daha da möhkəmləndirmişdir.

Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin beynəlxalq əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası rekord sayda iştirakçını bir araya gətirmişdir. Dövlət başçısı qeyd etmişdir: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”.

Prezident İlham Əliyev çıxışında Forumun Azərbaycanın beynəlxalq imicinin təqdimatı baxımından da mühüm rol oynadığını vurğulayaraq bildirmişdir ki, Bakıya səfər edən qonaqlar ölkəmizin müasir inkişaf modelini yaxından görmək imkanı əldə edəcəklər. Dövlət başçısı qeyd etmişdir: “Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”.

Azərbaycanın coğrafi və sivilizasiya baxımından xüsusi mövqeyinə də diqqət çəkərək vurğulamışdır ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur. Bu xüsusiyyət ölkəmizin beynəlxalq dialoq, əməkdaşlıq və multikultural dəyərlərin təşviqi istiqamətində mühüm rolunu daha da gücləndirir.

Azərbaycanın qədim memarlıq ənənələri əsrlər boyu formalaşaraq bu günümüzədək gəlib çatmışdır. İçərişəhər, Şirvanşahlar Sarayı, Qız qalası, Qarabağ və Naxçıvan memarlıq məktəbləri xalqımızın yüksək estetik düşüncəsinin və zəngin mədəni dünyasının parlaq nümunələridir. Bu memarlıq nümunələri yalnız tarixi abidələr deyil, həm də milli kimliyimizin və dövlətçilik tariximizin mühüm daşıyıcılarıdır. Prezident İlham Əliyevin forumdakı çıxışı zamanı vurğuladığı kimi, Azərbaycanın şəhərsalma siyasəti qədim irsin qorunması ilə müasir urbanizasiya prinsiplərinin uzlaşdırılmasına əsaslanır.

Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri ölkənin müasir simasının formalaşmasına mühüm təsir göstərmişdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr həm milli-mədəni irsin qorunmasına, həm də ekoloji və dayanıqlı şəhərsalma prinsiplərinə uyğun şəkildə icra olunur. Bu isə Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin əsas istiqamətlərindən biridir.

Bakının müasir memarlıq siması da qədimliklə yeniliyin harmoniyasını əks etdirir. Paytaxtda həyata keçirilən layihələr şəhərin tarixi ruhunu qorumaqla yanaşı, onu dünyanın qabaqcıl şəhərlərindən birinə çevirmək məqsədi daşıyır. Müasir infrastruktur, yaşıllıq zonalarının genişləndirilməsi, nəqliyyat sisteminin yenilənməsi və sosial obyektlərin tikintisi Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların mühüm göstəriciləridir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm də Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı olduğunu göstərdi. Forum çərçivəsində dayanıqlı şəhərlər, iqlim dəyişiklikləri, urbanizasiya və insan rifahı ilə bağlı mühüm məsələlər müzakirə olundu. Azərbaycanın bu tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin qlobal problemlərin həllinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirildi.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan öz qədim tarixi və zəngin mədəni irsi ilə fəxr edir, eyni zamanda müasir inkişaf yolunda inamla irəliləyir. Musiqimizdə, poeziyamızda və memarlığımızda yaşayan milli ruh bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Tarixi köklərə bağlılıq və müasirliyə açıq olmaq Azərbaycanın inkişaf modelinin əsas mahiyyətini təşkil edir.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Seçilən
44
2
aia.az

3Mənbələr