AZ

Hacı Qalibin nənəsi öləndən sonra milyonluq torpağa necə “sahib olub”?

Bakı Apelyasiya Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə Hacı Qalib Salahzadənin adı keçən şikayətə baxılır. Şikayətçi Nurid Əliyevdir. O, 1 saylı İnzibati Məhkəmənin iddiası üzrə verdiyi qərardan narazıdır. Söhbət sadə bir torpaq mübahisəsindən getmir. Məsələ vaxtilə mərhum prezident Heydər Əliyevin məşhur aviator Nurid Əliyevə bağışladığı torpaq sahəsi ilə bağlıdır. İllər keçdikcə bu torpaq ətrafında yaranan mübahisələr, şübhəli sənədlər və məhkəmə çəkişmələri indi yenidən hüquqi müstəviyə qayıdıb.

Hadisələrin kökü 2002-ci ilə gedib çıxır. Mərhum aviator Nurid Əliyevin nəvəsi – babası ilə eyni adı daşıyan Nurid Əliyev deyir ki, həmin illərdə Hacı Qalib Salahzadə onun ailəsinə məxsus torpaq sahəsini ələ keçirmək üçün şübhəli sənədlərdən istifadə edib. Onun sözlərinə görə, sabiq deputatın nənəsi Kübraxanım Mirəbdülhüseyn qızı Camalovanın adına Bilgəh bələdiyyəsindən sənəd alınıb. Həmin sənəddə göstərilib ki, guya nənəsi 2004-cü ildə Nurid Əliyevə məxsus torpaq sahəsini bələdiyyədən satın alıb. Lakin məhkəmə araşdırmaları zamanı ortaya çıxan faktlar sənədin absurdluğunu üzə çıxarıb.

Məlum olub ki, Kübraxanım Camalova 1998-ci ildə vəfat edib, Bilgəh Bələdiyyəsi isə onu adına ölümündən 6 il sonra torpaq sahəsi ayırıb. Başqa sözlə, sənədlərə görə torpaq alan şəxs həmin vaxt artıq altı ildir ki, həyatda olmayıb. Nurid Əliyev bildirir ki, ilkin araşdırmalar zamanı bu sənədləşmə prosesinin arxasında məhz Hacı Qalib Salahzadənin dayandığı üzə çıxıb. Məhkəmələr də müəyyən mərhələlərdə Qalib Salahzadənin yaxınlarının xeyrinə qərar versə də, sonradan problem həllini tapıb. Qalib Salahzadənin yaxınlarının adına olan kupça Nurid Əliyev və qonşusu Seymur Quliyevin torpaqları ilə üst-üstə düşən hissədə məhkəmə qaydasında ləğv olunub. Bundan bir müddət sonra

Nurid Əliyev mülkiyyətini adına rəsmiləşdirmək istəyib. O, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, döngə 21, ev 1 ünvanında yerləşən torpaq sahəsinə dövlət reyestrindən çıxarış (kupça) almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib. Lakin qurum onun müraciətini geri qaytarıb. Rəsmi izaha görə, sözügedən torpaq sahəsinin sərhədləri guya qonşu torpaq sahəsi ilə – Hacı Qalib Salahzadəyə məxsus olduğu iddia edilən ərazi ilə üst-üstə düşür. Nurid Əliyev isə bu arqumenti əsassız sayır və bildirir ki, bu məsələ illər əvvəl artıq araşdırılıb. Onun sözlərinə görə, 2015-ci ildə qonşu Seymur Quliyevin iddiası üzrə aparılan məhkəmə araşdırması zamanı əraziyə ekspertiza keçirilib və torpaq sahələrinin üst-üstə düşməsi faktı təkzib olunub.

Nurid Əliyev həmin məhkəmə qərarlarını da Bakı İnzibati Məhkəməsinə təqdim etməklə Əmlak Məsələləri Dövlət Xidməti üzərinə torpağını onun adına rəsmiləşdirilməsi öhdəliyinin qoyulmasına dair iddia qaldırıb. Bakı İnzibati Məhkəməsi torpaqların üst-üstə düşməsi faktını təkzib edən əvvəlki məhkəmə qərarları ola-ola Nurid Əliyevin iddiasını təmin etməyib. Nurid Əliyev Bakı İnzibati Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. İş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır. Beləliklə, vaxtilə dövlət başçısı tərəfindən tanınmış aviatora bağışlanmış torpaq sahəsi üzərində mübahisə 20 ildən çoxdur davam edir. Ölü adamın adına rəsmiləşdirilmiş sənədlər, icra olunmayan məhkəmə qərarları və kupça problemi Azərbaycanın daşınmaz əmlak sahəsindəki köhnə problemlərini yenidən gündəmə gətirir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
28
1
musavat.com

2Mənbələr