AZ

Milli yaddaşı yaşadan və daşıyan böyük söz ustası

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Çağdaş ədəbiyyatımızda elə şəxsiyyətlər var ki, onları yalnız şair, nasir, publisist və ya siyasətçi kimi təqdim etmək kifayət etmir. Çünki belə adlar təkcə əsər yazmır, təkcə fikir söyləmir; onlar bütöv bir dövrün ruhunu, bir millətin tarixi yaddaşını və bir coğrafiyanın taleyini öz çiyinlərində daşıyırlar. Xalq şairi Sabir Rüstəmxanlı məhz bu qəbildən olan müstəsna şəxsiyyətlərdəndir.

Xalq şairi, görkəmli filoloq, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatında və ictimai-siyasi fikir tarixində özünəməxsus, silinməz iz qoymuş böyük şəxsiyyətdir. O, yalnız şair və yazıçı kimi deyil, həm də publisist-jurnalist kimliyi, milli təfəkkürü və cəmiyyət həyatındakı prinsipial mövqeyi ilə Azərbaycan xalqının azadlıq duyğularını, vətən sevgisini, tarixi yaddaşını və milli ideallarını həm bədii, həm də fikri müstəvidə böyük mətanət və cəsarətlə ifadə etmişdir.

Sabir Rüstəmxanlının adı bu gün təkcə Azərbaycan ədəbi düşüncəsinin deyil, bütövlükdə Türk dünyasının mənəvi yaddaşının ayrılmaz bir parçası kimi səslənir. Onun yaradıcılığı da, ictimai mübarizəsi də milli kimliyin qorunması, tarixi həqiqətin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Sabir Rüstəmxanlının ədəbi və fikri dünyasını dərindən dərk etmək üçün onun yaradıcılığına istiqamət verən əsas anlayışlara nəzər yetirmək kifayətdir. Bu anlayışların başında isə, heç şübhəsiz, ana dili dayanır. Sabir Rüstəmxanlı üçün dil sadəcə ünsiyyət vasitəsi deyil; dil millətin görünməyən sərhədi, tarixi yaddaşının sığınacağı, mənəvi bütövlüyünün dayağıdır. Onun düşüncə sistemində dil keçmişlə gələcək arasında qurulan müqəddəs körpüdür.

Məhz buna görə də ana dilini qorumaq Sabir Rüstəmxanlı üçün təkcə mədəniyyət məsələsi deyil, birbaşa milli varlığın, milli ruhun və dövlətçilik şüurunun qorunması deməkdir. Onun əsərlərində dil estetik gözəllik daşıyan bir bədii ünsür olmaqla kifayətlənmir; o, milli özünüdərkin, tarixi yaddaşın və mənəvi müqavimətin əsas sütunlarından birinə çevrilir. Sabir Rüstəmxanlının söz dünyasında dil həm yaddaşdır, həm sərhəddir, həm də millətin taleyinə sahib çıxan ruhun səsidir.

Onun tez-tez səsləndirdiyi “Torpaq necə qorunursa, ana dili də eləcə qorunmalıdır” fikri, əslində, bütün yaradıcılığının və düşüncə sisteminin mənəvi düsturudur. Bu fikir adi bir dil sevgisinin ifadəsi deyil; burada dil ilə torpaq, söz ilə vətən, kəlmə ilə taleyüklü milli mövcudluq arasında dərin və ayrılmaz bir bağlılıq qurulur. Sabir Rüstəmxanlı üçün ana dili də Vətən qədər müqəddəsdir, sərhəd qədər toxunulmazdır, bayraq qədər uca və əzizdir.

Bu mənəvi bağlılıq onun şeirlərində də, publisistik yazılarında da, ictimai çıxışlarında da bütün aydınlığı ilə görünür. Xüsusilə Azərbaycan reallığında, milli kimlik və dövlətçilik məsələlərinin həssas məqamlarında Milli Məclis kürsüsündən səsləndirdiyi fikirlər, onun sözlə əməl arasında yaratdığı bütövlüyün parlaq nümunəsidir. Sabir Rüstəmxanlı üçün yazmaq yalnız ədəbi fəaliyyət deyil, həm də milli mövqe, mənəvi məsuliyyət və tarixi borcdur.

O, dili bir millətin mənəvi coğrafiyası kimi dərk edir. Torpaq işğal oluna bilər; lakin dil ayaqda qaldıqca millətin daxili vətəni yaşamaqda davam edər. Elə buna görə də onun poeziyasında vətən sevgisi yalnız xəritə üzərində göstərilən bir ölkəyə deyil, eyni zamanda həmin ölkənin dilinə, yaddaşına, səsinə və ruhuna yönəlmiş müqəddəs bağlılıq kimi təcəssüm edir.

Sabir Rüstəmxanlını çağdaş Azərbaycan ədəbiyyatında seçilən və fərqləndirən əsas cəhətlərdən biri də onun poeziyasındakı vətəndaşlıq şüurudur. O, lirik həssaslığı heç zaman ictimai məsuliyyətdən ayırmamışdır. Onun şeirində sevda varsa, bu sevda yalnız fərdi duyğunun ifadəsi deyildir; bu, millətinə, tarixinə, yurduna və insanına yönəlmiş daha böyük, daha ülvi bir sevgidir. Onun əsərlərində Azərbaycan sadəcə bir ölkə adı kimi deyil, uğrunda danışılacaq, yazılacaq, müqavimət göstəriləcək və gərəkərsə, bədəl ödənəcək müqəddəs əmanət kimi görünür. Bu baxımdan Sabir Rüstəmxanlı müasir Azərbaycan poeziyasında milli iradənin şairidir.

Onun ədəbi şəxsiyyəti ilə siyasi və ictimai mübarizəsini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Sabir Rüstəmxanlı 1988-ci il milli oyanış prosesində Meydan Hərəkatının ruhunu daşıyan öncül simalardan biri olmuş, yalnız yazdıqları ilə deyil, birbaşa meydandakı mövqeyi ilə də xalqın milli şüuruna səslənmişdir. Sonrakı müstəqillik dövründə üzərinə götürdüyü missiyalar, millət vəkili kimi fəaliyyəti, mətbuat və fikir həyatındakı öncül mövqeyi onun yalnız qələmi ilə deyil, iradəsi ilə də danışan bir ziyalı olduğunu açıq şəkildə göstərir.

Onun bədii əsərləri ilə siyasi mövqeyi arasında heç bir ziddiyyət və ya qırılma yoxdur; əksinə, bunlar eyni milli-mənəvi xəttin müxtəlif təzahürləridir. Şairin sözü ilə siyasətçinin mövqeyi onda eyni kökdən qidalanır: Azərbaycanın dili, kimliyi və bütövlüyü.

Bu mənada Sabir Rüstəmxanlı təkcə bir ədəbiyyat xadimi deyil, həm də milli yaddaşın memarıdır. Xüsusilə “Ömür kitabı” Azərbaycanın yaxın tarixində fikir hadisəsi kimi dəyərləndirilir. Bu əsər bütöv bir nəslin özünü yenidən tanımasına, tarixinə qayıdıb baxmasına və milli taleyini yenidən oxumasına vəsilə olmuşdur. Onun qələmindən çıxan mətnlər düşüncəni, yaddaşı və ictimai iradəni hərəkətə gətirən, cəmiyyətin mənəvi enerjisini oyadan mətnlərdir.

Sabir Rüstəmxanlının böyüklüyü həm də gələcəyə xitab edə bilməsindədir. O, ana dilinə nostalji obyekti kimi yanaşmır. Onun üçün dil yaşayan, mübarizə aparan, qorunmalı olan və gələcək nəsillərə güclü şəkildə ötürülməli canlı bir varlıqdır. Elə buna görə də təhsildən mətbuata, qanunvericilik dilindən gündəlik həyata qədər dilin doğru, saf və şüurlu şəkildə işlədilməsini milli vəzifə hesab edir. Ana dilini qorumaq onun nəzərində təkcə filoloqların və ya müəllimlərin işi deyildir; bu, bütöv cəmiyyətin ortaq məsuliyyətidir. Çünki dil pozulduqda həm də təfəkkür zəifləyir, yaddaş solur, kimlik sarsılır.

Onun poeziyasında tez-tez qarşımıza çıxan tarix şüuru da məhz burada xüsusi məna qazanır. Sabir Rüstəmxanlının əsərlərində tarix yaşayan bir idrak, diri bir şüurdur. Türk dünyasının ortaq yaddaşı, Azərbaycanın mübarizələrlə zəngin tarixi, Qarabağ ağrısı, ayrılıq, bütövlük arzusu - bütün bunlar onun mətnlərində bir mədəniyyət və sivilizasiya şüuru kimi təzahür edir. O, keçmişi bu günün iradəsinə çevirən fikir adamıdır. Buna görə də onun əsərlərində “vətən” anlayışı coğrafiyadan daha geniş və daha dərin məna daşıyır: vətən dilin danışıldığı, tarixin xatırlandığı, kimliyin qorunduğu hər yerdir.

Sabir Rüstəmxanlının poeziyası, publisistikası və fikri irsi üzərində bir müddətdir apardığım araşdırmalar nəticəsində belə qənaətə gəldim ki, onun ədəbi şəxsiyyəti ana dili, milli kimlik və vətən düşüncəsi oxunda bütöv şəkildə dəyərləndirilməlidir. Xalq şairinin 80 illik yubileyi münasibətilə hazırladığım “Dil, Kimlik, Vətən” adlı kitabım da məhz bu qənaətin nəticəsi olaraq meydana çıxmış, onun əsərlərində dilin milli yaddaş, kimlik və dövlətçilik şüuru ilə qurduğu dərin bağlılığı daha yaxından görmək imkanı yaratmışdır.

Sabir Rüstəmxanlı üçün ana dili bir millətin görünməyən sərhədi, tarixi yaddaşı və mənəvi müqavimət gücüdür. Məhz bu çərçivə “Dil, Kimlik, Vətən” adlı tədqiqatımda ortaya qoymağa çalışdığım əsas yanaşmanın da mahiyyətini təşkil edir.

Sabir Rüstəmxanlını Türk dünyası baxımından dəyərli edən başqa bir mühüm cəhət də budur. O, Azərbaycanı anlatdıqda təkcə bir ölkədən söz açmır; eyni zamanda Türk dünyasının parçalanmış yaddaşını, ortaq mədəniyyətini və müştərək taleyini də dilə gətirir. Onun əsərlərində türk dilinin müxtəlif qolları arasındakı qohumluq, tarixi bağların davamlılığı və ortaq sivilizasiya şüuru güclü şəkildə hiss olunur. Bu mənada Sabir Rüstəmxanlı yalnız milli bir şair deyil; o, həm də Türk dünyasının ortaq vicdanına səslənən qüdrətli söz ustasıdır.

Səksən il adi bir ömür hesabı deyildir. Xüsusən də bu səksən ilin içində şeir varsa, mübarizə varsa, bir millətin ağrıları və ümidləri varsa, o zaman bu yaş təqvimdəki sadə bir rəqəm olmaqdan çıxır, bütöv bir çağın şahidliyinə çevrilir. Sabir Rüstəmxanlının 80 illik ömrü onun simasında Azərbaycanın yaxın tarixinə, milli oyanışına, dil uğrunda mübarizəsinə, ədəbi müqavimətinə və Türk dünyası idealına duyulan dərin ehtiramın da ifadəsidir. Onu anmaq yalnız bir ustada hörmət nişanəsi göstərmək deyil; eyni zamanda ana dilinə, milli kimliyə və vətənə sədaqətin ədəbiyyatdakı ən qüdrətli örnəklərindən birini salamlamadır.

Bu gün Sabir Rüstəmxanlının adı çəkildikdə insanın ağlına təkcə şeir gəlmir; eyni zamanda bir səs, bir mövqe, bir müqavimət və bir inam gəlir. O, sözünə vətən yükü yükləmiş, dilinə millətin yaddaşını əmanət etmiş, qələmini həqiqət naminə işlətmiş böyük bir addır. Onun əsərləri oxunarkən bir millətin yüzillik sarsıntıları, sevincləri, itkiləri və dirçəliş arzusu da oxunur.

Elə buna görə də Sabir Rüstəmxanlı dilin şairidir; çünki o, dili millətin taleyi kimi görmüşdür. Kimliyin şairidir; çünki insanı və cəmiyyəti öz köklərindən ayırmadan dərk etmişdir. Vətənin şairidir; çünki o, həm torpağı, həm də sözü eyni müqəddəslik duyğusu ilə müdafiə etmişdir.

Və bəlkə də onu ən doğru şəkildə bu cümlə ifadə edir: Sabir Rüstəmxanlı Azərbaycanın səsi ilə danışan, Türk dünyasının yaddaşı ilə yazan və Vətəni sözlə müdafiə edən böyük bir Xalq Şairidir.

Şəhla Aslan,

Türkiyənin Qazi Universitetinin tədqiqatçısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr