AZ

Kembric Universitetinin azərbaycanlı doktorantı: WUF13 müxtəlif sektorları bir araya gətirmək baxımından çox önəmlidir

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən Kembric Universitetinin azərbaycanlı doktorantı Turan Abbaszadə tədbirin şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Kembric Universitetində şəhərsalma və şəhər iqtisadiyyatı üzrə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura təhsili alan gənc azərbaycanlı magistratura təhsilini də şəhərsalma sahəsində aldığını qeyd edib: “Düşünürəm ki, bu kimi tədbirlər təkcə Bakı və Azərbaycan üçün deyil, ümumilikdə dünya ölkələri üçün çox önəmlidir”.

Turan Abbaszadənin sözlərinə görə, şəhərsalma sahəsində dövlət qurumları, özəl sektor və akademik çevrələr, adətən, bir-birləri ilə sıx əlaqə qurmur. Bu baxımdan, WUF13 kimi platformalar müxtəlif qurumların bir araya gəlməsi üçün mühüm imkan yaradır. “Burada təkcə bir ölkənin qurumları deyil, fərqli dövlətlərin nümayəndələri bir-birləri ilə əlaqə qurur və fikir mübadiləsi aparırlar”, – deyə o bildirib.

Doktorant tədbirin yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib: “Dünən gün ərzində 160 panel keçirildi. Bu qədər tədbiri koordinasiya etmək çox çətindir, amma görürəm ki, hər şey çox yüksək səviyyədə təşkil olunub”.

O bildirib ki, Azərbaycan şəhərsalma sahəsində mühüm islahatlar həyata keçirir və bunu xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafında görmək mümkündür. “Eyni zamanda, Bakıda da müxtəlif islahatlar aparılır. Təhsilimi başa vurduqdan sonra həm akademiyada, həm də digər qurumlarda çalışaraq həm təcrübəmi artırmaq, həm də fayda vermək istəyirəm”, – deyə o qeyd edib.

Turan Abbaszadə vurğulayıb ki, şəhərlərdə dəyişikliklər uzun zaman tələb edən prosesdir, lakin əsas məsələ doğru istiqamətdə irəliləməkdir.

Müxbirlər - Elgün Niftəli, Aytən Abbaslı

Seçilən
30
azertag.az

1Mənbələr