"Uşaq travmaları ilə böyük yaşlı insanlardakı travmalar fərqlənir və biz hər zaman qeyd edirik ki, uşaqlara böyüklərin kiçik forması kimi yanaşmaq doğru deyil. Uşaq travmalarının özünəməxsus xüsusiyyətləri var. Bilirsiniz ki, uşaqların sümükləri daha möhkəm olur, sümüküstlüyü isə daha yumşaq və elastik olur. Ona görə də uşaqlarda çox güclü travmalar zamanı belə bəzən yerdəyişməsi olmayan və yaxud az yerdəyişmiş sınıqlarla qarşılaşılır. Travmatoloqlar daha çox bu tip sınıqlarla üzləşirlər".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.
O vurğuladı ki, böyüklərdə isə yaş artdıqca travmaların xüsusiyyətləri dəyişir:
"Xüsusilə 50-60-70 yaşdan sonra, əsasən qadınlarda menopauza dövründən sonra, yaşlı insanlarda senil osteoporoz yarandıqda və yaxud uzunmüddətli hormonal preparatların istifadəsi nəticəsində sümüklərdə ciddi zəifləmələr baş verir. Bu zəifləmələr də hətta adi travma zamanı belə sümüklərin sınmasına, sümük tamlığının pozulmasına səbəb ola bilir. Ona görə də yaşlı insanlarda sınıqlara daha tez-tez rast gəlinir. Xüsusilə 80 yaşdan yuxarı olan xəstələrdə patoloji sınıqlar meydana çıxır. Bu sınıqlar əsasən sümüklərin zəifləməsi və osteoporozla bağlı olur. Təbii ki, yaşlı insanların sınıqlarının müalicəsi də gənc və orta yaşlı xəstələrin müalicəsindən fərqlənir. Yaşlılarda kiçik travmalar nəticəsində yaranan sınıqlar zamanı daha böyük əməliyyatların və ciddi rekonstruktiv prosedurların aparılmasına ehtiyac yaranır. Orta yaşlı insanlarda isə bu problemləri daha asan üsullarla həll etmək mümkün olur".
NURİYYƏ