Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın artan liderliyini və qlobal şəhər dialoquna sadiqliyini nümayiş etdirir. Bu barədə “SERAC-Banqladesh”in icraçı direktoru və UN-Habitat Gənclər Məşvərət Şurasının mentoru SM Şaykat (SM Shaikat) AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.
- Sizcə, Azərbaycan qlobal dayanıqlı şəhər inkişafı gündəliyində hansı rol oynaya bilər?
- Azərbaycan, xüsusən də Avropa, Asiya və Qlobal Cənubda dayanıqlı şəhər inkişafı dialoqu kontekstində regionlar arasında mühüm körpü olmaq üçün unikal mövqedədir. WUF13-ə ev sahibliyi etməsi faktı Azərbaycanın artan liderliyini və qlobal şəhər dialoquna sadiqliyini nümayiş etdirir.
Bakıda keçirilən WUF13-ün iştirakçılarından biri kimi, şəhərin inklüzivliyi, ictimai məkanları, mobilliyi, təmizliyi, təhlükəsizliyi və müasir infrastrukturla mədəni kimlik arasındakı tarazlığı məni heyran etdi. Bunlar şəhərləri yaşamaq üçün daha əlverişli və insan mərkəzli edən vacib sosial amillərdir.
Hesab edirəm ki, Azərbaycan dayanıqlılıq, “ağıllı” infrastruktur, iqlim dəyişikliyinə davamlılıq, mədəniyyət və fəal icma iştirakını özündə birləşdirən şəhər inkişafına inteqrasiya olunmuş yanaşmaların təşviqində mühüm rol oynaya bilər.
Qlobal miqyasda diqqət mərkəzində olan əsas sahələrdən biri uşaqların və gənclərin şəhər idarəçiliyinə cəlb olunmasıdır. Banqladeşdəki gənclər şəhər şuraları və yerli hakimiyyət orqanları ilə iş prosesində qazındığım təcrübəyə əsasən deyə bilərəm ki, gənclərin institusional iştirakının hesabatlılığı və şəhər qərarlarının keyfiyyəti artır. Ümumdünya Şəhərsalma Forumu kimi platforma, o cümlədən bu tədbirə ev sahibliyi edən Azərbaycan ölkələrə bu təcrübəni bölüşməyə və ondan öyrənməyə imkan verir.
- Müasir şəhərlərin inkişafında yaşıl enerjinin rolunu necə qiymətləndirirsiniz?
- Yaşıl enerji müasir şəhərlərin gələcəyi üçün mütləq şəkildə vacibdir. Bu gün şəhərlər tullantıların və çirklənmənin əsas mənbələridir, eyni zamanda, sürətli innovasiya və transformasiya üçün ən böyük potensiala malikdir. Bərpaolunan enerji, yaşıl nəqliyyat, enerjiyə qənaət edən infrastruktur və davamlı şəhərsalma daha sağlam və dayanıqlı şəhərlərin yaradılmasında əsas elementlərdir.
Bakıda olduğum müddətdə şəhərlərin modernləşdirilməsinə, infrastrukturun inkişafına və ətraf mühitin yaxşılaşdırılmasına artan diqqəti qeyd etdim ki, bunların hamısı dayanıqlı şəhər gələcəyinin vacib komponentləridir.
Lakin yaşıl enerji təkcə ətraf mühit məsələsi deyil. O, birbaşa səhiyyə, xidmətlərə çıxış, mobillik və sosial ədalətlə bağlıdır. Daha yaşıl şəhərlərə keçid, həmçinin aşağı gəlirli və həssas qrupların geridə qalmamasını təmin etməlidir.
– Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında WUF13-ün əhəmiyyətini necə qiymətləndirirsiniz?
– WUF13 son dərəcə vacibdir, çünki hökumətlərin, şəhər rəhbərlərinin, ekspertlərin, vətəndaş cəmiyyətinin və gənclərin şəhərlərin gələcəyini yenidən təsəvvür etmək üçün əməkdaşlıq etdiyi azsaylı qlobal platformalardan birini yaradır.
Forumun xüsusi dəyəri insanların real həyatı ilə - hərəkətlilik, mənzil, əlçatanlıq, iqlim həssaslığı, inklüzivlik və insan ləyaqəti ilə əlaqəsindədir.
Bakıda olarkən və Gənclər Assambleyasında və digər WUF platformalarında müzakirələrdə iştirak edərkən daha inklüziv, iqlimə davamlı və vətəndaş mərkəzli şəhərlərə doğru güclü bir impulsu müşahidə etdim.
Forumun əsas nəticələrindən biri də uşaqlar və gənclərin sadəcə şəhər inkişafı nəticələrinin benefisiarları deyil, həm də şəhərlərin gələcəyinin fəal iştirakçıları və yaradıcıları olmasıdır. Eyni zamanda, WUF13 qlobal problemi vurğulayır: bir çox effektiv yerli və gənclər təşəbbüsləri zəif koordinasiya, qeyri-kafi maliyyələşdirmə və ya siyasi iradənin olmaması səbəbindən institusionallaşmaya nail ola bilmir.
Ümumdünya Şəhərsalma Forumu kimi platformalar məhz buna görə bu qədər vacibdir: onlar yerli təcrübəni qlobal siyasətlə əlaqələndirir və innovativ ideyaları uzunmüddətli şəhər həllərinə çevirməyə kömək edir.
Şəxsən mənim üçün forum zamanı Bakıda qazandığım təcrübə vacib bir nəticəni təsdiqlədi: şəhərin rahatlığı təkcə onun infrastrukturu ilə deyil, həm də nə qədər inklüziv, əlçatan, təhlükəsiz və istifadəçi dostu olması ilə müəyyən edilir.
Müxbir – Tamilla Məmmədova