AZ

Hindistanın Avropa yürüşü başladı: Yeni Dehli ABŞ-dan asılılığı sarsıdır  

"Hindistanın baş naziri Narendra Modinin Avropa ölkələrinə səfərlərinin sayı artıb. Hindistan böyük bazarlar axtarışındadır".

Bu sözləri Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Modinin səfər etdiyi növbəti Avropa ölkəsi İtaliya olub:

"İtaliyanın baş naziri Corciya Meloni hindistanlı həmkarı ilə görüşdən sonra maraqlı paylaşım edib. Meloni sosial şəbəkə hesabında Narendra Modinin ona konfet hədiyyə etdiyini bildirib və həmin konfetin görüntüsünü paylaşıb. Məsələ burasındadır ki, Hindistanda istehsal olunan konfet “Melody” adlanır.

Narendra Modi “böyük yeddilər” və “böyük iyirmilər” sammitləri çərçivəsində Corciya Meloni ilə bir neçə dəfə görüşüb. Ancaq bu Narendra Modinin İtaliyaya ilk rəsmi səfəridir. Baş nazirlərin birgə mətbuat konfransında iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinin vacibliyi vurğulanıb. Modi ölkəsinin İtaliya ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir. Öz növbəsində Avropanın digər ölkələri kimi İtaliya da Hindistanla müttəfiqlik münasibətləri qurmağa çalışır. Modi bu ilin əvvəlində Avropa İttifaqı rəhbərliyi ilə ticarət sazişi imzalayıb. Bu Hindistana Avropa ölkələri ilə ticarətdə üstünlüklər qazandıracaq".

Politoloq vurğulayıb ki, Avropa İttifaqı bu yolla ABŞ bazarından asılılığını azaltmağa çalışır. Belə ki, iki ölkə arasında ticarət mübadiləsinin həcmini 2029-cu il üçün 20 milyard avroya çatdırılması planlaşdırılır:

"Hindistan İtaliya ilə elmi araşdırmaları dərinləşdirmək və süni intellekt sahəsində də əməkdaşlığı genişləndirməyi planlaşdırır. İtaliya 3 il əvvəl Çinin irəli sürdüyü və tarixi İpək yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxdıqdan sonra Pekinlə münasibətlərdə soyuqluq yaşayır. İtaliya “böyük yeddilər”dən “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə ölkə idi.

Narendra Modi Avropa ölkələrinə, o cümlədən İtaliyaya səfərində Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirən nəqliyyat və iqtisadi dəhliz mövzzusunu da müzakirəyə çıxarır. Yaxın Şərqdəki hazırki gərginlik bu layihənin reallaşmasını əngəlləyib. Ancaq Yeni Dehli bölgədə vəziyyətin sabitləşməsindən sonra Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin yaradılması mövzusuna yenidən qayıdılacağına ümidlidir. Narendra Modi eyni mövzunu fevral ayının sonunda İsrailə səfəri zamanı da müzakirə etmişdi. Modi İtaliyanın layihədə yer alacağına ümid edir".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr