AZ

Xulio Kordano: Şəhərlər plastik çirklənmə ilə mübarizədə əsas platformadır

Bakı, 20 may, AZƏRTAC

Qeyri-davamlı istehlak və tullantıların yaranmasının təsirləri şəhər mühitində getdikcə daha aydın görünür. Eyni zamanda, məhz şəhərlər dairəvi iqtisadi həllərin tətbiqi üçün mühüm imkanlar yaradan məkanlardır. Şəhər mühitləri bu cür həllərin həyata keçirilməsi baxımından əsas platformalar rolunu oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bunu Çili Xarici İşlər Nazirliyinin Ətraf Mühit, İqlim Dəyişikliyi və Okeanlar Bölməsinin rəhbəri, Yeni Plastik Müqaviləsi üzrə Hökumətlərarası Danışıqlar Komitəsinin sədri Xulio Kordano Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə videomüraciətində deyib.

Plastik istehlakının əsasən şəhərlərdə cəmləndiyini bildirən X.Kordano yerli hökumətlərin öhdəlikləri, sənaye standartlarının inkişafı, istehlakçı davranışının yaxşılaşdırılması, tullantıların toplanması və idarə olunması sistemlərinin təkmilləşdirilməsinin şəhər mühitinin və idarəetmənin müsbət həllər təqdim edə və beynəlxalq əməkdaşlığa təkan verə biləcəyinə dair nümunələr olduğunu diqqətə çatdırıb: "Bu reallıq plastik çirklənmə ilə bağlı beynəlxalq, hüquqi cəhətdən məcburi sənədin hazırlanması mandatı verilmiş Hökumətlərarası Komitənin fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayır.

Plastik çirklənmə dövrümüzün ən mühüm ekoloji problemlərindən biridir. Bu problem dünyanın bütün regionlarında, o cümlədən şəhər mühitində ekosistemlərə, iqtisadiyyatlara və icmalara təsir göstərir. Həmin problemin həlli müxtəlif ölkələrin şəraiti və imkanlarını nəzərə alan effektiv və balanslı yanaşmalar tələb edir. Məhz bu reallıq qarşıdakı işin mahiyyətini müəyyənləşdirir və plastik çirklənmə ilə bağlı beynəlxalq hüquqi sənədin hazırlanması prosesində əsas istiqamət olaraq qalmalıdır. Gələcəyə baxarkən son illərdə əldə olunmuş nailiyyətlər üzərində qurmağa davam etməyimiz vacibdir.

Biz bir-birimizin mövqelərini daha yaxşı anlamağa çalışmalı, yaxınlaşma nöqtələrini müəyyən etməli və fikir ayrılıqları olan məsələlər üzrə konstruktiv dialoqu davam etdirməliyik. Əminəm ki, davamlı və məqsədyönlü fəaliyyət sayəsində biz ümumi səylərimizi gücləndirə və bu prosesin uğurlu və məzmunlu nəticə ilə yekunlaşması üçün əlverişli şərait yarada bilərik".

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - Nicat Haşimov
Videooperator - Şövqi Əzizov
Seçilən
14
azertag.az

1Mənbələr