Hörmüz boğazında yaranan hərəkət məhdudiyyəti dünya bazarına qaz təklifini kəskin azaltmaqla Avropada qiymətləri min kubmetr üçün 600 dollar civarında saxlamaqdadır.
Avropa İttifaqı yüksək qiymətlərə baxmayaraq, Rusiyadan qaz alışını dayandırmaq qərarını dəyişməməkdə israrlıdır.
Aİ Şurasının yanvar ayında qəbul etdiyi qərara əsasən 2027-ci ilin əvvəlindən etibarən Rusiyadan maye qaz tədarükü, 30 sentyabr 2027-ci il tarixindən isə boru kəməri qazının tədarükü tam dayandırılır. Qısamüddətli müqavilələr çərçivəsində LNG idxalına qoyulan qadağa artıq 25 aprel 2026-cı il tarixində qüvvəyə minib, qısamüddətli boru kəməri qaz müqavilələri isə 17 iyun 2026-cı il tarixinə qədər tamamlanmalıdır.
Belə bir şəraitdə Avropa İttifaqı ölkələri alternativ mənbələrdən qaz alışını artırmağa çalışırlar.
Eurostat-ın məlumatına əsasən bu ilin birinci rübündə Aİ ən çox qazı ABŞ-dan alıb - 4,8 milyard avro dəyərində. İkinci yerdə 3,2 milyard dollarlıq alış olan Rusiya gəlir. Bu ölkədən qaz alışı illik ifadədə 1,5 dəfə azaldılıb. Üçüncü yerdə 2,74 milyard avroluq alışla Norveç, dördüncü yerdə 2,65 avro ilə Əlcəzair, beşinci yerdə isə 988 milyon avro ilə Azərbaycan gəlir. Göründüyü kimi, Azərbaycan Avropa İttifaqının qaz təminatında 6 faizə yaxın paya malikdir.
Rusiya qazından tam imtina üçün qoyulan müddət yaxınlaşdıqca, Avropa ölkələrindən Azərbaycana yönəlik qaz istəkləri də intensivləşdir. Mayln əvvəlində İtaliyanın baş naziri Corcio Meloninin Bakıya səfəri zamanı Azərbaycandan bu ölkəyə qaz ixracının artırılması məsələsi müzakirə olunub. Bu barədə prezident İlham Əliyev C.Meloni ilə görüşdən sonra açıqlama verib: “Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir".
Eyni zamanda Slovakiya, Almaniya və digər ölkələr Bakıdan qaz alışını artırmaq, uzunmüddətli müqavilələr bağlamaq istəklərini ifadə ediblər.
Bir neçə gün əvvəl Euronews-a müsahibəsində İ.Əliyev bu məsələyə toxunub: “Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq. Xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.
Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq”.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın Musavat.com-a dediyinə görə, prezidentin haqqında bəhs etdiyi yeni yataq Azəri-Çıraq-Günəşli yatağının dərin qatlarıdır. Bu yataqda qaz ehtiyatları 3 il əvvəl təsdiqlənib, onun hasilatı üçün işlərə başlanıb: “Bu il üçün həcmlər bir beçə yüz milyon kubmetr olacaq. Çünki yeni təbii qaz quyusu tədricən layihə gücünə çatacaq. Bu isə zaman tələb edir. Gələn ildən daha bir qaz quyusu istifadəyə veriləcək AÇG-də və həcmlər artıq 2028-ci ildə 2 milyard kubmetrədək arta bilər.
Məlumdur ki, AÇG-dən çıxan sənt qazının əmtəəlik hissəsi Azərvaycanın daxili bazarına yönəlir. Çox güman ki, dərin qatlardan hasil olunan təbii qaz həcmləri xarici bazarda satılacaq. Bunu tərəflər yəqin ki, ilk təbii qaz hasilatı başlayan zaman ictimaiyyət üçün açıqlayar və daha ətraflı məlumat verərlər”.
Ekspert bildirir ki, Azərbaycanın bu beşilliyin sonunda - 2030-cu ildə ixrac qazının artırılmasının əsas yükü "Abşeron" yatağının işlənməsinin ikinci fazası üzərinə düşəcək: “Açıqlanan rəsmi məlumata görə, yataqdan ildə 4,5 milyard kubmetr qaz çıxarılacaq və xarici bazarlara çıxarılan Azərbaycan qazının həcmlərinin artırılmasına yönələcək”.
Qeyd edək ki, AÇG-nin dərin qatlarında 4 trilyon kubfut qaz ehtiyatının olduğu güman edilir.
2023-cü ildən hasilata başlanan "Abeşron"da isə 300 milyard kubmetrdən çox təsdiqlənmiş ehtiyat var. Yatağın işlənməsinin ikinci mərhələsi üzrə investisiya qərarının verilməsi 3 ildir müxtəlif vaxtlara təyin olunur. Son olaraq bu qərarın 2026-cı ilin iyununda veriləcəyi elan olunub.
Rəsmi statistikaya əsasən 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 13 milyard kubmetr qaz hasil olunub ki, bu da illik ifadədə cüzi - 0,6 faiz artım deməkdir.
Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, bu müddətdə xaricə qaz ixracı 8 milyard 416 milyon 328,74 min kubmetr təşkil edib. Bu da illik ifadədə 3,14 faiz çoxdur. Dörd ayda qaz ixracından ölkə 2 milyard 535 milyon 847,49 min ABŞ dolları əldə edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,28 faiz azalma deməkdir. Göstəricilər əsas bazarımız olan Avropada qaz qiymətlərinin bahalaşmasının hələlik Azərbaycanın məhsuluna təsir etmədiyindən xəbər verir. Məsələ burasındadır ki, Azərbaycan Avropaya qazın əsas hissəsini uzunmüddətli müqavilələr əsasında satır. Bu müqavilələrdə qaz qiymətləri adətən neft qiymətlərinə bağlanır. Neft qiymətlərindəki artım 6 ay sonra qazda əksini tapır. Buna görə də Azərbaycanın qaz ixrac gəlirlərində artımı ilin ikinci yarısında gözləmək olar.
Qaz qiymətlərinin azalmasına baxmayaraq, Dövlət Neft Fondunun əsas ixrac mənbəyi olan “Şahdəniz” yatağı üzrə gəlirlərində kəskin artım var. Belə ki, birinci rübdə Fondun “Şahdəniz” yatağından (qaz və kondensat) gəliri 359,6 milyon manat təşkil edib. Bu, ötən ilin dörd ayındakı 181,9 milyon manatlıq gəlirdən 2 dəfəyə yaxın çoxdur.
Maraqlıdır ki, Fondun “Şahdəniz”dən gəlirlərindəki artım dövlət büdcəsinin eyni mənbədən vergi gəlirinin kəskin azalması ilə müşayiət olunub. Belə ki, birinci rübdə bu yataqdan dövlət büdcəsinə mənfəət vergisi olaraq ötən ilkindən(572,9 milyon manat)253,4 milyon manat az - 319,5 milyon manat daxil olub.
Dünya SAKİT,
Musavat.com