AZ

WUF13: Təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması ilə bağlı müzakirələr aparıldı

BAKI, 20 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində BMT-nin Qlobal Əlillik Fondu (UNGDF) və Almaniya Hökumətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün katalitik maliyyələşdirmə və dəstək” mövzusunda panel sessiyası keçirilib.

Teleqraf xəbər verir ki, panel sessiyasında çıxış edən Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Davamlı inkişaf və iqlim üzrə baş direktoru Birgit Pikkel şəhərlərdə inklüzivliyin təmin olunması, həmçinin təhlükəsiz və dayanıqlı mühitin qurulmasında katalizator rolunu oynayan maliyyələşmə mexanizmlərinin birgə müzakirə edilməsinin böyük əhəmiyyət daşıdığını bildirib.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Siyasət və Proqramlara Dəstək Bürosunun direktor müavini Fransin Pikap çıxışında “Dayanıqlı və inklüziv şəhərlər mərkəzi” layihəsinin (RICH) bu yanaşmanın şəhər səviyyəsindəki uğurlu modelini nümayiş etdirdiyini söyləyib.

Dortmund Şəhər Administrasiyasının tikinti və infrastruktur üzrə direktoru Arnulf Rubiçki təmsil etdiyi şəhərin misalında şəhər binalarında inklüziv şəraitin yaradılması istiqamətində görülən işlərdən danışıb.

Hindistanın Enerji və Resurslar İnstitutunun Davamlı infrastruktur proqramı üzrə baş direktoru Sanjay Seth şəhər mühitində fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı problemlərdən söz açıb. O, bu insanların şəhər mühitinə inteqrasiyasından danışıb, həmçinin iqlim riskləri və münaqişələr fonunda şəhərlərin öz hədəflərini daha da gücləndirməsinin önəmini qeyd edib.

Sessiyada BMT-nin Qlobal Əlillik Fondu çərçivəsində icra olunan RICH layihəsinin fiziki məhdudiyyətli şəxslərin inklüzivliyini təmin edən şəhərsalma transformasiyasını stimullaşdırmaq məqsədilə yerli səviyyədə tərəfdaşlıq platformalarının qurulmasına imkan yaradacağı vurğulanıb.

Eyni zamand ki, RICH layihəsi katalizator maliyyələşmə və texniki dəstək vasitəsilə şəhərlərdə yerli sistemlərin gücləndirilməsinə, innovativ təcrübələrin sınaqdan keçirilməsinə və genişləndirilməsinə imkan yaradır. Həmçinin əlçatanlıq, universal dizayn, iqlimə davamlılıq və fəlakət risklərinin azaldılması kimi amillərin şəhərsalma planlamasına, mənzil təminatına və xidmət sahələrinə inteqrasiya olunmasını təmin edir. Müəyyən edilən həll yollarının real təcrübəyə və yerli reallıqlara əsaslanması üçün əlilliyi olan şəxslərin təşkilatlarının yerli tərəfdaş qismində bu prosesdə aparıcı rol oynaması sözügedən təşəbbüsün mərkəzində dayanır.

Seçilən
41
teleqraf.com

1Mənbələr