Sherg.az saytına istinadən ain.az xəbər verir.
“Dünyada 10 min memardan yalnız 10-u peşəkardır”
Son 10-20 ildə qlobal miqyasda iqlim dəyişikliyinin artması bir çox ölkələrdə sel, daşqın və quraqlığa səbəb olub. Düzgün qurulmayan və əhalinin sıx məskunlaşdığı ərazilərdə yaşayan insanlar təbii fəlakətin doğurduğu fəsadlardan əziyyət çəkirlər. Azərbaycanda ard-arda yağan yağışlar mövcud boşluqları üzə çıxardı. Artan problemlər 2024-cü ildə COP29-un Bakı şəhərində keçirilməsi üçün əsas yaratdı.
Təbiət hadisələrinin gözlənilməz reaksiyalarına qarşı şəhərsalmanın düzgün istiqamətdə qurulması da vacib rol oynayır. Məhz buna görə prezidentin sərəncamına əsasən 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi. Sərəncamın Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ərəfəsində imzalanması xüsusi əhəmiyyətə malikdir. Dünyaca məşhur memar və ekoloqlardan ibarət 40 minə yaxın mütəxəssis WUF13-də bir araya gələrək memarlıq və şəhərsalma sahəsində qlobal miqyasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparırlar.
Mövzu ilə bağlı Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, Honnover Akademiyasının akademiki, respublikamızda bir çox maraqlı layihələrin müəllifi, memar Cahid Həsənov Sherg.az-a bildirib ki, insan amilinə əsaslanan komfortlu yaşayış mühitinin formalaşdırılmasında memarlarla yanaşı, ekoloq və bioloqların da iştirakı vacibdir:
“Əvvəllər şəhərsalma prosesində memarlıq qurumları və şirkətlər fəaliyyət göstərirdi. Lakin onların gücü problemlərin həllinə çatmırdı. Məhz buna görə məsuliyyəti hökümət öz üzərinə götürüb. Azərbaycanda şəhərsalma sahəsində bir sıra problemlər var. Məsələn, sovet dövründə Bakı şəhərində təxminən 1 milyon insan yaşayırdı. Hazırda paytaxt əhalisinin sayı 3 milyonu keçib. SSRİ dövründə mövcud kanalizasiya sistemləri, kommunikasiya xətləri və yaşayış binaları insanların sayına nəzərən inşa edilmişdi. Bu gün isə əhali artımı ilə mövcud infrastrukturun imkanları arasında ciddi uyğunsuzluq var”.
Mütəxəssisin sözlərinə görə, Azərbaycan memarlıq və şəhərsalma üzrə xeyli təcrübəyə sahibdir:
“Afrika ölkələrindən gələn mütəxəssislər böyük şəhərlərdə yaranan problem və boşluqları Azərbaycanın memarlıq üslubundan bəhrələnməklə həll edə bilərlər. İşğaldan azad olunmuş torpaqlarımızda yaşıl kənd və qəsəbə, eləcə də “ağıllı şəhər” layihələri vasitəsilə dünya ölkələrinin üzləşdiyi problemlərin 3-5 il ərzində necə həll oluna biləcəyini göstərəcəyik. “Ağıllı kənd” və ya “ağıllı şəhər” dedikdə insanlar bəzən texnoloji imkanların çoxluq təşkil edəcəyi yaşayış massivlərindən bəhs etdiyimizi düşünür. Lakin bu belə deyil. Kəndə giriş-çıxış yollarının planlı şəkildə qurulması, nəqliyyat sıxlığı olan yollar və kəsişmələrdə işıqforların düzgün yerləşdirilməsi “ağıllı kənd” konsepsiyasının əsas tərkib hissələrindəndir”.
C.Həsənovun fikrincə, dünya ictimaiyyətinin üzləşdiyi əsas problemlərdən biri də oksigen qıtlığıdır:
“Əhali oksigenə olan tələbatını 300 metr aralıda yerləşən meşəyə gedərək ödəməməlidir. Məhz buna görə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” layihəsi çərçivəsində yaşıl parklar və istirahət zonaları salınacaq. Gün keçdikcə artan əhali tıxacın intensivləşməsinə səbəb olur. Bütün bunlar yeni modelə keçid üçün əsas yaradır. Elə prospektlər var ki, oraya 50 işıqfor yerləşdirsən belə, tıxacın qarşısını almaq mümkün olmur. Lakin, qoşqu və ötürücü yollar düzgün şəkildə planlaşdırıldıqda, həmin ərazidə 15 işıqforun quraşdırılması kifayət edəcək. Məsələn, Çinin 10 milyon əhalisi olan Hançjou şəhərində yollar vahid plan üzrə qurulduğu üçün tıxac yoxdur. Alternativ yolların çoxluğu və geniş prospektlər nəqliyyatın bir nöqtədə toplanmasının qarşısını alır”.
Professor qeyd edib ki, Azərbaycan Çin kimi sürətlə inkişaf edən ölkələrdən nümunə götürməlidir:
“Hər bir ölkədə 10.000 memar arasında bu sahəni bütün təfsilatı ilə dərindən bilən yalnız 10 memar yetişir. Dünya ölkələrinin əsas problemi peşəkar memar çatışmazlığıdır. Foruma Bakı şəhərinin baş planının hazırlanması istiqamətində xarici şirkətlər və memarlar dəvət olunub. Əminəm ki, mütəxəssislərin birgə fikir mübadiləsi nəticəsində şəhərsalmada yaranan problemlərin qarşısının alınması üçün vacib layihə və planlar üzərində işləniləcək”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.