AZ

AzMİU-nun dekanı: WUF13 gənclər üçün akademik və peşəkar imkanlar platformasıdır

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi Azərbaycan üçün strateji hadisədir. Bu, ölkəmizin şəhərsalma, memarlıq, dayanıqlı şəhər inkişafı və gələcəyin şəhərləri ilə bağlı qlobal fikir mərkəzlərindən biri kimi tanınmasına ciddi töhfə verəcək. Minlərlə beynəlxalq ekspertin, dövlət rəsmisinin, urbanistlərin, memarların və akademik dairələrin Bakıda bir araya gəlməsi Azərbaycanın bu sahədə artan rolunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova deyib. Onun sözlərinə görə, bu cür forumların əsas dəyəri yalnız fikir mübadiləsi deyil, uğurlu beynəlxalq təcrübələrin paylaşılması və onların yerli mühitə uyğunlaşdırılması imkanlarıdır: “ WUF13-ün əsas müzakirə mövzuları mənzil əlçatanlığının təmin edilməsi, qlobal iqlim dəyişikliyi amillərinin şəhərsalma siyasətinə inteqrasiyası və müasir şəhərsalmanın qarşısında duran çağırışlardır. Müasir şəhərlərin üzləşdiyi sıxlıq, nəqliyyatın yüklənməsi, ictimai məkanların səmərəsiz istifadəsi, ekoloji təzyiq və şəhər rahatlığı ilə bağlı problemlər Bakı üçün də aktual olduğundan, forumdan gözləntilər kifayət qədər yüksəkdir”.

Memarlıq fakültəsinin dekanı qeyd edib ki, AzMİU-da bu problemlər yalnız nəzəri müstəvidə deyil, həm də elmi-praktik yanaşmalar çərçivəsində araşdırılır: “Universitetimizin alimləri və mütəxəssisləri funksional şəhər planlaşdırılması, nəqliyyat axınlarının optimallaşdırılması, yaşıl urban məkanların formalaşdırılması, piyadayönümlü şəhər mühiti və dayanıqlı şəhər infrastrukturu istiqamətində araşdırmalar aparırlar. WUF13 isə bu yanaşmaların qlobal təcrübə ilə müqayisəsinə, yeni həll modellərinin öyrənilməsinə və daha effektiv qərarvermə üçün yeni baxışların formalaşmasına imkan yaradır. Əgər bu müzakirələr strateji planlaşdırmaya inteqrasiya olunarsa, real nəticələr verməsi tam mümkündür”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti bu prosesi xüsusi həssaslıqla izləyir. Çünki AzMİU ölkədə memarlıq və şəhərsalma təhsilinin əsas formalaşdırıcı mərkəzidir və universitetdə şəhərsalma, dayanıqlı memarlıq, urban planlaşdırma, “ağıllı şəhər” modelləri və insan amilini əsas götürən yaşayış mühiti ilə bağlı elmi tədqiqatlar sistemli şəkildə aparılır. WUF13 Azərbaycanın akademik və elmi potensialının da beynəlxalq miqyasda tanınmasını da gücləndirəcək. Xüsusilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda WUF13 Azərbaycanın bu istiqamətdə yeni inkişaf mərhələsinə keçidini simvolizə edir.

“WUF13 gənclər üçün akademik və peşəkar imkanlar platformasıdır. Müasir memarlıq və şəhərsalma təhsili artıq klassik auditoriya modeli ilə məhdudlaşmır. Bu gün tələbə qlobal urban problemlərini dərk etməli, innovativ texnologiyalarla işləməyi bacarmalı və beynəlxalq peşəkar mühitlə inteqrasiya etməlidir. Biz tədrisi məhz gələcəyin çağırışlarına uyğun transformasiya edirik. Təhsil proqramlarımızda dayanıqlı memarlıq, rəqəmsal layihələndirmə, şəhər məlumat modelləri, ağıllı şəhər yanaşmaları və multidisiplinar düşüncə daha geniş yer almaqdadır.

Memarlıq fakültəsinin təşkilatçılığı və WUF13 Əməliyyat qrupu ilə birgə “Memarlıq həftəsi” təşkil etdik. Tələbələr həm nəzəri, həm də praktik işlərlə tanış oldular. Real layihələr üzərində tədqiqatlar aparıldı, müxtəlif vörkşoplar, sərgilər keçirildi. Hesab edirəm ki, bütün bunlar gələcəyin çağırışlarına uyğun memarların yetişdirilməsi üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Zahidə Məmmədova bildirib.

AzMİU-nun dekanı qeyd edib ki, şəhərlər yalnız infrastruktur layihələri ilə deyil, həmçinin insanın həyat keyfiyyəti, sosial inklüzivlik, ekoloji balans və urban rahatlıq meyarları ilə qiymətləndirilir: “Apardığımız elmi tədqiqatlar da məhz bu istiqamətlərə fokuslanıb. İqlim dəyişikliyinə adaptasiya olunan memarlıq həlləri, enerji səmərəli tikinti modelləri, yaşıl ictimai məkanların inkişafı, regionların urban potensialının düzgün planlaşdırılması və insan mərkəzli şəhər mühitinin qurulması universitetimizin prioritet istiqamətlərindəndir”.

Z.Məmmədova WUF13-də formalaşan yanaşmaların yalnız Bakı üçün deyil, Azərbaycanın regionları üçün də yeni inkişaf baxışları yarada biləcəyini vurğulayıb: “Çünki dayanıqlı şəhər anlayışı yalnız paytaxtlara aid deyil. Regionların da gələcək inkişafı bu prinsiplər əsasında qurulmalıdır. Ona görə də WUF13 yalnız bir beynəlxalq tədbir deyil, gələcəyin şəhərlərinə dair düşüncə transformasiyası yaradan mühüm qlobal platformadır”.

Seçilən
2
1
azertag.az

2Mənbələr