AZ

Alimlər bağırsaq sağlamlığı üçün faydalı süd məhsulunu açıqlayıblar

Çində fəaliyyət göstərən Şimal-Qərb A&F Universitetinin alimləri müəyyən ediblər ki, fermentləşdirilmiş keçi südü bağırsaq sağlamlığına müsbət təsir göstərə və orqanizmin antioksidant müdafiəsini gücləndirə bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.  

Araşdırma zamanı alimlər probiotik bakteriyalarla zəngin fermentləşdirilmiş keçi südü tozunun laboratoriya siçanlarına təsirini öyrəniblər. Analizlər göstərib ki, məhsul kreatin, xolin, betain və asetil-L-karnitin kimi antioksidant təsirə malik maddələrlə zəngindir. Bu komponentlər hüceyrələrin enerji mübadiləsində və oksidləşdirici stressdən qorunmasında mühüm rol oynayır.  

Tədqiqat nəticələrinə görə, əlavəni qəbul edən heyvanlarda bağırsaq selikli qişasının vəziyyəti yaxşılaşıb. Xüsusilə qida maddələrinin sorulmasına cavabdeh olan bağırsaq xovlarının hündürlüyü artıb, selikli qişanın zədələnməsi ilə əlaqələndirilən göstəricilər isə azalıb.  

Alimlər həmçinin bağırsaq mikroflorasında müsbət dəyişikliklər müşahidə ediblər. Potensial zərərli hesab olunan Escherichia–Shigella bakteriyalarının miqdarı azalıb, faydalı mikroorqanizmlərin payı isə artıb. Mütəxəssislər qeyd edirlər ki, bağırsaq mikrobiotası yalnız həzm sisteminə deyil, həm də immun sisteminin fəaliyyətinə və iltihab proseslərinin tənzimlənməsinə təsir göstərir.  

Araşdırma çərçivəsində siçanların dalağında antioksidant müdafiənin gücləndiyi və hüceyrə zədələnməsi əlamətlərinin azaldığı da müəyyən olunub. Alimlərin fikrincə, fermentləşdirilmiş keçi südü bağırsaq və immun sistemi üçün perspektivli faydalı məhsul hesab oluna bilər. Bununla belə, tədqiqat heyvanlar üzərində aparıldığı üçün nəticələrin insanlar üzərində təsdiqlənməsi məqsədilə əlavə klinik sınaqlara ehtiyac olduğu vurğulanıb. 

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr