AZ

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib

Bakı, 20 may, AZƏRTAC

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə “Media İnkişaf Mərkəzi (MİM)” İctimai Birliyi tərəfindən “Urban dayanıqlılıq və mənzilləşmə ilə bağlı ictimai müzakirədə media hərəkətverici qüvvə kimi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir yenidənqurma mövzusunda hazırlanan videoçarxın nümayişi ilə başlayıb.

Sonra “Media İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Qabil Rüstəmov hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin, yaşıl enerji və müasir şəhərsalma həllərinin əhəmiyyətli nümunə olduğunu deyib.

O qeyd edib ki, media inklüziv urbanizasiya, yaşıl infrastruktur və davamlı inkişaf siyasətinin təşviqində mühüm rol oynayır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev müasir medianın yalnız məlumat mənbəyi olmadığına diqqət çəkib: “O, eyni zamanda, beynəlxalq kommunikasiya və milli maraqlar üçün hərəkətverici qüvvədir. Xüsusilə şəhərlərdə, yaşayış məskənlərində davamlılığın, dayanıqlılığın artırılması üçün olduqca önəmli aktordur”.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, şəhərlər hər zaman iqtisadi tərəqqinin göstəriciləri olub: “Təbii ki, burda media xüsusi vasitəçi rolunu oynayır. Yəni biz bərabər, sürətli informasiya mübadiləsi aparmalıyıq”.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 kimi beynəlxalq platformaların şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, belə qlobal təşəbbüslərin cəmiyyətə düzgün çatdırılmasında media peşəkarlığı, rəqəmsal kommunikasiya və keyfiyyətli ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.

Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov isə şəhərsalma və dayanıqlı inkişaf mövzularının ictimaiyyətə düzgün çatdırılmasında medianın rolundan danışıb. Bildirilib ki, urbanizasiya, iqlim dəyişiklikləri və şəhər dayanıqlılığı ilə bağlı məsələlərin peşəkar və məsuliyyətli şəkildə işıqlandırılması müasir informasiya mühitində vacib faktordur.

“Ikua4change” təşkilatının həmtəsisçisi, Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith, Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə şəhər dayanıqlılığı, mənzil siyasəti, iqlim çağırışları və ictimai kommunikasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, WUF13 çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Dayanıqlı şəhər inkişafı və medianın roluna dair” Bəyanat qəbul edilib.

Seçilən
28
2
azertag.az

3Mənbələr