Bakı, 20 may, AZƏRTAC
Azərbaycan davamlı şəhərsalma prinsiplərini uğurla həyata keçirməyə qadir ölkədir.
Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən bosniyalı-serb siyasətçi, Bosniya və Herseqovina Rəyasət Heyətinin sabiq serb üzvü, bu ölkənin keçmiş xarici işlər naziri, Serb Respublikasının sabiq Baş naziri və Demokratik Tərəqqi Partiyasının qurucusu Mladen İvaniç AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib.
O deyib ki, ölkənin əsas missiyası davamlı inkişaf prinsiplərinin praktikada həyata keçirilə biləcəyini bütün dünyaya nümayiş etdirməkdir.
Mladen İvaniç vurğulayıb ki, WUF13-də müzakirə edilən əsas prinsiplər nəzəriyyə olaraq qalmamalı, real həyatda tətbiqini tapmalıdır.
O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan artıq şəhərsalma ilə bağlı bir çox sahədə mühüm nailiyyətlər əldə edib. O vurğulayıb ki, bunu əminliklə söyləyir, çünki dəfələrlə Azərbaycanda olub və ölkədə baş verən dəyişikliklərin şahididir.