AZ

Şeron Gil: 2040-cı ilə qədər plastik çirklənməni 80 faiz azaltmaq mümkündür

Bakı, 20 may, AZƏRTAC

Dairəvi iqtisadiyyat kontekstində qeyd etmək istərdim ki, plastiklər üçün dairəvi model həm mümkündür, həm əlçatandır, həm də artıq bir çox ölkədə tətbiq olunur. “Sıfır tullantı” yanaşmaları şəhərlər üçün plastik çirklənmənin mənbədə qarşısını almaq üçün praktik və sübut olunmuş bir yoldur.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) submilli iqlimlə mübarizə bölməsinin rəhbəri Şeron Gil Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.

“Turning Off the Tap” (tərcüməsi mənbəni dayandırmaq) adlı əsas hesabatımız göstərir ki, mövcud texnologiyalardan istifadə etmək, siyasət və bazar dəyişiklikləri həyata keçirməklə, 2040-cı ilə qədər plastik çirklənməni 80 faiz azaltmaq mümkündür. Yəni, həllər artıq mövcuddur. Həmin keçid, eyni zamanda 2040-cı ilə qədər təxminən 700 min yeni iş yerinin yaradılmasına səbəb ola bilər və həmin iş yerlərinin böyük hissəsi aşağıgəlirli ölkələrdə olacaq. İllik təxminən 65 milyard dollar investisiya tələb olunur ki, bu da hazırda “istifadə et və at” modelinin yaratdığı 113 milyard dollarlıq xərclə müqayisədə xeyli azdır.

Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən və UNEP-in rəhbərlik etdiyi “Plastik çirklənməyə qarşı dairəvi həllər” proqramı hazırda 15 milli və bir qlobal layihəni əhatə edir. Bu proqram özəl sektorun və maliyyə institutlarının dairəvi həlləri tətbiq etməsini təşviq edir.

Ən mühüm mesaj isə ondan ibarətdir ki, Qlobal Plastik Sazişi yerli fəaliyyətlə sıx bağlıdır və hərəkətə keçmək üçün zaman məhz indidir. Hazırda müzakirə olunan qlobal plastik sazişi normativ çərçivəni müəyyən edir, lakin onun real həyata keçirilməsi üçün şəhərlərin gücləndirilməsi vacibdir.

UNEP-in Plastik Təşəbbüsü plastiklərin istehsalı, istifadəsi və idarə olunması modelini köklü şəkildə dəyişdirərək qlobal plastik çirklənməni aradan qaldırmağı hədəfləyir. Bu yanaşma xətti “götür–istehsal et–at” modelindən imtinanı nəzərdə tutur. Problemin miqyası çox böyükdür və biz dərhal hərəkətə keçməliyik", - deyə Ş.Gil bildirib.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - Nicat Haşimov
Videooperator - Şövqi Əzizov
Seçilən
13
1
azertag.az

2Mənbələr