AZ

WUF13 dünya rəyində-Türkiyədən ABŞ və Avropayadək nə gördük...



Azər Həsrət: “WUF13-lə bağlı elə ciddi narahatlıq doğuran kampaniyaya rast gəlmirik”

Bakının ev sahibliyi ilə davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir.

WUF13-ə dünya mediaslnda reaksiya və yanaşmalar necədir? Xüsusi bir mübasibət- qərəz, ikili standart və sair müşahidı edilirmi?

Beynəlxalq media qurumlarının Sessiya ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi vurğulanıb, tədbirin iştirakçı ölkələrin bu sahədə atdıqları addımların təqdim olunması, eləcə də əməkdaşlıqların qurulması və dərinləşdirilməsi baxımından mühüm platforma olduğu qeyd edilib.

Pakistanın “The Nation”, “Daily Times”, “The News” nəşrlərində dərc olunan məqalələrdə qardaş ölkənin WUF13-də nazirlər və digər yüksəkvəzifəli rəsmilərdən ibarət geniş nümayəndə heyəti ilə təmsil olunduğu bildirilib. Xəbərlərdə Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin Pəncabın əlçatan mənzil layihəsini beynəlxalq auditoriyaya təqdim edəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, materiallarda WUF13-ün beynəlxalq əhəmiyyətli platforma olduğu, Sessiyanın dünya liderlərini, investorları və şəhərsalma ekspertlərini bir araya gətirdiyi vurğulanıb. Bundan başqa, Azərbaycanın bu mötəbər tədbirə uğurla ev sahibliyi etdiyi, Pakistan nümayəndə heyətinin Bakıda yüksək qonaqpərvərliklə qarşılandığı məmnunluqla bildirilib.

Çinin “Sinxua” agentliyi də Azərbaycanın ev sahibliyi ilə keçirilən WUF13 barədə silsilə məqalələr yayımlayıb. Məqalələrdə WUF13-ün şəhərsalma, əlçatan mənzil və dayanıqlı şəhər inkişafı üzrə mühüm qlobal platforma olduğu qeyd edilib, Bakının müasir infrastruktur, yaşıl məkanlar və tarixi-mədəni irsin harmoniyası fonunda tədbirə yüksək səviyyədə hazırlaşdığı vurğulanıb, Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində uğurlu model formalaşdırdığı oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, Çin ekspertlərinin fikirlərinə yer verilərək, Çinin urbanizasiya və əlçatan mənzil sahəsində təcrübəsinin Azərbaycan və inkişaf etməkdə olan digər ölkələr üçün faydalı nümunə olduğu, WUF13-ün isə Bakı üçün uzunmüddətli şəhər yenilənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.

Rusdilli nəşrlərdə də WUF13-ə barədə silsilə məqalələr dərc olunub. “Moscow-baku.ru”, “Vestnik Kavkaza” və digər portallarda dərc olunan yazılarda Azərbaycan hökuməti və UN-Habitat tərəfindən birgə təşkil olunan tədbirdə 180-dən çox ölkədən 40 mindən çox iştirakçının qeydə alındığı vurğulanıb. İlk dəfə olaraq Sessiya çərçivəsində nazirlər görüşü və Liderlər Sammiti seqmentlərinin də təşkil edildiyi diqqətə çatdırılıb. Bakıdakı müzakirələrin əsasən əlçatan mənzil, davamlı urbanizasiya, iqlim dayanıqlığı və “ağıllı şəhər” modellərinə həsr olunduğu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və yaşıl enerji zonası layihələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub.

Fransızdilli “Lagazetteaz.fr” nəşrində isə BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbaxın WUF13 barədə fikirləri əksini tapıb. Məqalədə bu tədbirin şəhərsalma gündəliyi üzrə mühüm beynəlxalq platforma rolunu oynadığı bildirilib. Yazıda, həmçinin Bakının yüksək səviyyədə qəbul etdiyi tədbirin şəhərsalma, dayanıqlı inkişaf və “Hamı üçün mənzil” mövzusu ətrafında dünya miqyasında müzakirələr üçün əsas məkan olduğu vurğulanıb. Eyni zamanda, WUF13 çərçivəsində nazirlər görüşü və digər formatlar vasitəsilə “Yeni Şəhər Gündəliyi” üzrə siyasi konsensusun formalaşdırılması və gələcək onillik üçün prioritetlərin müəyyənləşdirilməsinin hədəfləndiyi diqqətə çatdırılıb.

Misir mətbuatı da WUF13-ə geniş diqqət ayırıb. Bu ölkənin “The Egyptian Gazette”,“Youm7”, “El Balad”, “Vetogate”, “Al Dostor”, “Al-Usbua”, “Al Qarar Al Arabi”, “Business News Egypt”, “Anbaa Alyoum”, “Nile.eg” və digər nəşrlərində yayımlanan materiallarda Azərbaycanın və BMT-Habitat-ın birgə təşkil etdiyi WUF13-ün şəhərsalma, dayanıqlı inkişaf və əlçatan mənzil sahəsində qlobal müzakirələr üçün əsas platforma olduğu vurğulanıb. Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu mühüm tədbirin “Yeni Şəhər Gündəliyi” ətrafında qlobal siyasi və strateji müzakirələr üçün mühüm beynəlxalq dialoq məkanı olduğu qeyd edilib. Xəbərlərdə Misirin sessiyada öz şəhərsalma təcrübəsini, xüsusilə əlçatan mənzil sahəsindəki nailiyyətlərini beynəlxalq auditoriya ilə bölüşdüyü bildirilib.

Özbəkistanın “Kun.uz”, “Podrobno.uz”, “UzDaily”, “UZA”, “Gazeta.uz”, “Zamin.uz” nəşrlərində dərc olunan materiallarda WUF13 qlobal urbanizasiya çağırışları, dayanıqlı inkişaf, sosial həyat və mənzil təminatı üzrə mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platforma olması əksini tapıb. Eyni zamanda, Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi bu tədbirin BMT çərçivəsində əməkdaşlıq və şəhərsalma həllərinin müzakirəsi üçün mühüm qlobal dialoq platforması olduğu vurğulanıb. Xəbərlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya işgüzar səfəri və tədbirdə iştirakı Özbəkistanın beynəlxalq şəhərsalma gündəmində fəal mövqeyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.

Malayziyanın “Bernama” agentliyinin, eləcə də bu ölkənin “The Sun” və “SABA News” nəşrlərinin materiallarında qlobal urbanizasiya və dayanıqlı şəhər inkişafı üzrə əsas platforma olan WUF13-ün beynəlxalq şəhərsalma gündəliyinin formalaşmasında mühüm dialoq platforması kimi çıxış etməsinə diqqət çəkilib. Malayziyanın bu sahədə əməkdaşlığın genişləndirilməsinə və sessiyada şəhərsalma sahəsində qlobal təşəbbüslərə dəstək verdiyi vurğulanıb.

Keniyanın “Saccoreview”, “People Daily”, “The-star.co.ke”, “Capitalfm”, “Kenyans.co.ke”, “Kenyafrontline.com”, “Standardmedia.co.ke” media qurumları tərəfindən yayımlanan xəbərlərdə dövlət başçısı Uilyam Rutonun bu ölkənin əlçatan mənzil və davamlı şəhər inkişafı sahəsində uğurlarına görə WUF13-ə dəvət olunduğu bildirilib. Qeyd olunub ki, Prezident Ruto WUF13 zamanı Keniya hökumətinin əlçatan mənzil proqramını təqdim edəcək və şəhərsalma layihələri üçün yeni beynəlxalq tərəfdaşlar və investorlar cəlb etməyə çalışacaq. Xəbərlərdə Keniyanın dövlət başçısının Azərbaycan Prezidenti ilə görüşünə də yer verilib.

WUF13 barədə xəbərlər Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Tacikistan, Hindistan, İordaniya, İraq , Mozambik və digər ölkələrdə yayımlanan media orqanları tərəfindən də geniş işıqlandırılıb.

Türkiyənin “TRT Haber”, “Milliyet”, “Hibya”, “T24”, “DHA”, “Günebakış” və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib. Xəbərlərdə Prezident İlham Əliyevin “Ağıllı şəhər” və “Yaşıl zona” vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub. Türkiyə mətbuatında Azərbaycanın bu sessiyada qlobal miqyasda mühüm uğura imza atmasına və ölkəmizin yüksəksəviyyəli təşkilatçılığına xüsusi diqqət çəkilib. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi WUF13-ün Türk dünyası üçün əhəmiyyəti və Bakının nümunəvi təşkilatçılığı barədə oxuculara ətraflı məlumat verilib.

Media eksperti Azər Həsrət baki-xeber.com-a bildirdi ki, WUF13-lə bağlı beynəlxalq mediada neqativ fikirlərə rast gəlinmir, əsasən müsbət fikirlər gündəmdə yerini tutur: “Açığını deyim, Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, dünya mediası çox çox əvvəlki illərdə olduğu kimi anti-Azərbaycan kampaniyalarına özünü təslim etmir. Yəni faktiki olaraq biz bacarmışıq. Sadəcə WUF13-lə bağlı elə ciddi narahatlıq doğuran kampaniyaya rast gəlmirik.

2015-ci ildə İlk Avropa Oyunlarını Azərbaycan təşkil edəndə dünyanın ən aparıcı qəzetlərindən olan "Guardian"ın ölkəmizlə bağlı gerçəkləşdirdiyi anti-Azərbyacan kampaniya heç yadımdan çıxmır. Ona bənzər kampaniyaları başqa mediada da var idi.

Ümumiyyətlə, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ mediasında əlaqələndirilmiş, koordinə edilən anti-Azərbyacan kampaniyalarına az rast gəlməmişik. Amma indi fikir verirəm ki, artıq o kampaniyalar demək olar, gözə dəymir. Ara-sıra haradasa əsaslı, əsassız sıradan tənqidlər var. Faktiki olaraq anti-Azərbyacan kampaniyası yoxdur”.

A.Həsrətin fikrincə, bu da ondan xəbər verir ki, Azərbaycan nəhayət, özünü yaxşı yöndən tanımağı bacarıb. “Yəni illərlə çəkilən zəhmət bəhrəsini verib. Əlbəttə, bu işi zamanında görən insanlar olub, bu gün də görürlər. Bir tərəfdən dövlət öz üzərinə düşəni yerinə yetirib, digər tərəfdən vətəndaş cəmiyyəti illərlə işləyib, üçüncü bir tərəfdən mediamız əlindən gələni edib ki, Azərbaycanla bağlı belə bir durum yaransın. Düşünürəm ki, bundan sonrakı mərhələdə biz artıq biz elə bir addım atmalıyıq ki, dünya mediası Azərbaycanla bağlı kampaniyalar keçirsin, amma o kampaniyalar bizim əleyhimizə deyil, leyhimizə olsun. İstənilən sahədə bunu bacaracaq kadrları önə çəkmək lazımdır. Mediada da, vətəndaş cəmiyyətində də, dövlət qulluğunda da elə etməliyik ki, bizim gerçək kimliyimiz dünyada yaxşı mənada tanıdıla bilsin. Hər halda bunun üçün potensial var, platstarm yaranıb, üstəlik Azərbaycan WUF13 kimi çox nəhəng qlobal tədbirlərə ev sahibliyi etməklə özünü yaxşı yöndən tanıda bilir. Düşünürəm ki, bütün bunlardan yaxşı mənada faydalanmaq lazımdır”-deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA

Seçilən
3
23
baki-xeber.com

10Mənbələr