AZ

Pul bazarında yüksəliş havası: Rubl güclənir, dollar isə...

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya rublu dollar qarşısında bu ilin ən güclü performans göstərən valyutasına çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilir ki, rubl aprelin əvvəlindən bəri təxminən 12 faiz dəyər qazanaraq dollar qarşısında 72,6 səviyyəsinə qədər möhkəmlənib. 

Beləliklə, Rusiya valyutası uzun müddətdir gözlənilən ucuzlaşma proqnozlarının əksinə hərəkət edərək qlobal bazarlarda diqqət çəkən mənzərə formalaşdırıb.

“Bloomberg” yazır ki, rublun bahalaşması artıq müasir Rusiya iqtisadiyyatının struktur xüsusiyyətlərindən birinə çevrilib.

Qeyd olunur ki, Qərb sanksiyaları səbəbindən maliyyə bazarında yaranan balanssızlıqlar və Rusiya Mərkəzi Bankının sərt pul siyasəti bu vəziyyəti dəstəkləyən əsas amillərdəndir.

Xüsusilə yüksək faiz dərəcələri və zəif idxal tələbi səbəbindən ölkədə xarici valyutaya marağın aşağı səviyyədə qaldığı vurğulanır.

İdxal əməliyyatlarının təxminən 60 faizinin rubl ilə aparılması da xarici valyutaya tələbi məhdudlaşdıran amillər arasında göstərilir.

Enerji qiymətlərindəki artım da rublun güclənməsinə dəstək verən əsas faktorlardan biri olub.

Məlumata görə, Hörmüz boğazı ətrafında dəniz daşımaları ilə bağlı problemlərdən sonra sanksiyaların qismən yumşaldılması Rusiyaya xarici valyuta axınını yenidən sürətləndirib.

Buna baxmayaraq, Rusiya Maliyyə Nazirliyinin Milli Rifah Fondu üçün həyata keçirdiyi valyuta və qızıl alışlarının bazarı balanslaşdırmağa kifayət etmədiyi qeyd olunur.

Nazirlik may ayında bu məqsədlə gündəlik alışlar üçün 110 milyard rubl ayırıb. Bu məbləğ təxminən 1,47 milyard dollara bərabərdir.

RBC telekanalına danışan Istar Capital portfel meneceri İskander Lutsko mövcud şəraiti rubl üçün “ideal” adlandırıb.

Lutskonun sözlərinə görə, Rusiya iqtisadiyyatı normal iqtisadi rejimə qayıtdıqdan sonra rubl daha sabit səviyyələrə enə bilər. Lakin hazırkı şəraitdə güclənmə meylinin davam etdiyi bildirilir. Analitik hesab edir ki, dolların məzənnəsi 65-70 rubl aralığına qədər enə bilər.

Vurğulanır ki, İran ətrafındakı gərginlik davam edərsə, Rusiya Mərkəzi Bankı faiz endirimlərini dayandıra bilər və bu da rublun daha da möhkəmlənməsinə səbəb ola bilər.

Bununla belə, güclü rubl iqtisadiyyatın bütün sahələri üçün müsbət qiymətləndirilmir.

Məqalədə qeyd olunur ki, ixracatçılar xarici valyuta gəlirlərini daha az rubl qarşılığında dəyişməli olduqları üçün şirkət mənfəətləri, dividendlər və büdcə gəlirləri üzərində təzyiq artır.

Xüsusilə enerji ixracına əsaslanan büdcə sistemi fonunda həddindən artıq güclü rubl Kremlin qarşısında yeni iqtisadi balans problemləri yarada biləcək amil kimi qiymətləndirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
cebheinfo.az

2Mənbələr