AZ

İsmət Baxışov: Hazırda “Platera” adlı coğrafi süni intellektəsaslı platforma üzərində iş aparılır

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

Kosmik agentlik olaraq əsas missiyalarımızdan biri Azərbaycanda kosmos sahəsində məlumatlılığın artırılması, eyni zamanda aidiyyəti qurumların kosmik məlumatlardan faydalanması üçün həllər təqdim etməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin direktoru İsmət Baxışov WUF13 çərçivəsində təşkil olunan “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – Şəhərləri daha yaxşı məlumatlarla gücləndirmək: siyasət və qərarqəbuletmə üçün əlçatan və tətbiq edilə bilən məlumatlar” adlı sessiyada səsləndirib.

O qeyd edib ki, əvvəllər, xüsusilə şəhər idarəçiliyi sahəsində qərarlar əsasən statistik məlumatlara əsaslanırdı. Bu gün isə texnologiyalar şəhər idarəçiliyi üçün olduqca vacib olan, demək olar ki, real vaxt rejimində məlumat təqdim edir.

“Əslində, bu gün əsas problem məlumatın mövcudluğu deyil. Çünki dünyada çoxlu açıq məlumat bazaları var. Problem ondan ibarətdir ki, məlumat sahibi olaraq biz həmin məlumatlardan necə faydalana biləcəyimizi tam anlamalıyıq. Bununla yanaşı, biz çalışırıq ki, bu həlləri təşkilatlara onların başa düşəcəyi dildə və formada təqdim edək”, – deyə o əlavə edib.

İ.Baxışov bildirib ki, hazırda “Platera” adlı coğrafi süni intellektəsaslı(GeoAI) platforma üzərində iş aparılır. Onun sözlərinə görə, platforma aidiyyəti qurumlar üçün avtomatik şəkildə müxtəlif həllər təqdim edir.

“Şəhər idarəçiliyi baxımından platforma açıq məlumatlardan istifadə etməklə müxtəlif həllər təqdim edir. Eyni zamanda, müxtəlif məlumat mənbələrinin inteqrasiyası imkanları da mövcuddur. Bir neçə dəqiqə, hətta bir dəqiqədən də az vaxt ərzində bina konturlarını yaratmaq mümkündür. Şəhər ərazilərində, yaşıllıq zonalarında və açıq su hövzələrində baş verən dəyişiklikləri müəyyən etmək olur”, – deyə o vurğulayıb.

CİS Mərkəzinin direktoru əlavə edib ki, platforma vasitəsilə yalnız əraziləri deyil, həm də suyun keyfiyyətini, yaşıllıq sahələrinin vəziyyətini və sağlamlığını qiymətləndirmək mümkündür. O bildirib ki, platformanın əsas məqsədi bütün Coğrafi İnformasiya Sistemləri (GIS) və məsafədən zondlama texnologiyalarını istifadəçilər üçün vahid məkanda birləşdirməkdir.

“İstifadəçilərin bu sahədə xüsusi biliyə və ya əlavə alətlərə ehtiyacı yoxdur. Çünki platforma buludəsaslıdır və məlumatların emalı üçün ayrıca infrastruktur tələb etmir”, – deyə İ.Baxışov qeyd edib.

Müxbirlər - Günel Alıyeva,Vüqar Qurbanoğlu

Fotoqraf - Aydın Məmmədov

Videooperator- Şövqi Əzizov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
azertag.az

2Mənbələr