Bu təşkilata üzv olmayan böyük güc mərkəzlərinin də “Turan” platformasına cəlb edilməsi hədəflənib
Türk dünyasının mənəvi mərkəzi sayılan Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti təşkilatın gələcək istiqamətlərini müəyyən edən mühüm mərhələ kimi yadda qaldı. Azərbaycanın sədrliyinin Türkiyəyə ötürülməsi ilə yanaşı, 44 maddədən ibarət Türkistan Bəyannaməsinin imzalanması əməkdaşlığın artıq klassik siyasi çərçivədən çıxaraq texnologiya, innovasiya və rəqəmsal transformasiya kimi strateji sahələrə yönəldiyini göstərdi. Azərbaycanın dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi “Türk dünyası XXI əsrin geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” mesajı əslində bu prosesin ideoloji əsasını təşkil edir. Bu yanaşma təkcə mədəni və tarixi bağlılıqlara deyil, həm də ortaq iqtisadi və texnoloji gələcək vizyonuna söykənir.
Diqqətçəkən məqamlardan biri isə sammitə Rusiyanın, xüsusilə “Nezavisimaya qazeta” kimi nüfuzlu media orqanlarının geniş yer ayırmasıdır. Bu, Rusiyanın Türk Dövlətləri Təşkilatının artan rolunu diqqətlə izlədiyini göstərir. Nəşrin qeyd etdiyi kimi, TDT artıq sadəcə regional əməkdaşlıq platforması deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin beynəlxalq subyektliyini gücləndirən yeni geosiyasi faktor kimi çıxış edir. Rusiya nəşrinin təhlilində deyilirdi ki, dəyişən dünya nizamı şəraitində TDT yalnız türk əməkdaşlığı üçün yeni istiqamətlər müəyyənləşdirmir, həm də Mərkəzi Asiyanın subyektliyini gücləndirmək məqsədi daşıyır. İddia olunur ki, təşkilata digər ölkələr də maraq göstərir və onlarla dialoq üçün “TDT+” adlı yeni format yaradılır. Maraqlı tərəflər arasında ABŞ, Yaponiya, İsrail, Çin, Böyük Britaniya və Ukrayna da var.
“TDT+” formatının gündəmə gətirilməsi əslində TDT-nin yeni mərhələyə keçdiyini göstərən ən vacib siqnallardan biridir. Bu yanaşma təşkilatın yalnız üzv dövlətlərlə məhdudlaşmaq istəmədiyini, əksinə, daha geniş geosiyasi və iqtisadi əməkdaşlıq platformasına çevrilmək niyyətində olduğunu ortaya qoyur.
“TDT+” nə deməkdir? Bu, təşkilata üzv olmayan, lakin onunla əməkdaşlıqda maraqlı olan ölkələrlə dialoq və tərəfdaşlıq mexanizminin yaradılmasıdır. Yəni ABŞ, Yaponiya, İsrail, Çin, Böyük Britaniya və Ukrayna kimi güclərlə konkret sahələr üzrə - xüsusilə texnologiya, logistika, enerji və rəqəmsal inkişaf istiqamətlərində əməkdaşlıq imkanları genişlənir. Bu model bir növ “açıq platforma” prinsipinə əsaslanır. Yəni təşkilat qapalı blok kimi deyil, çevik və çoxtərəfli əməkdaşlıq şəbəkəsi kimi fəaliyyət göstərmək istəyir. Bu isə onun beynəlxalq çəkisini artırır və Mərkəzi Asiya ilə Türk dünyasını qlobal iqtisadi sistemə daha sıx inteqrasiya edir.
Eyni zamanda “TDT+” təşəbbüsü böyük güclər arasında balans siyasətinin də bir elementidir. Bu format vasitəsilə təşkilat həm Qərb, həm də Şərq aktorları ilə paralel əlaqələr quraraq öz strateji müstəqilliyini qorumağa çalışır. Qısaca desək, “TDT+” sadəcə yeni termin deyil - bu, Türk Dövlətləri Təşkilatının regional birlikdən qlobal oyunçuya çevrilmək ambisiyasının praktiki alətidir. Türküstan sammiti göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız ortaq kimlik platforması deyil - o, yeni dünya nizamında söz sahibi olmağa çalışan, iqtisadi və texnoloji gücünü artırmağa çalışan real geosiyasi mərkəzə çevrilmək yolundadır.
Qeyd etmək lazımdır ki, Türk dövlətləri üçün bu gün əldə edilən birliyi təmin etmək o qədər də asan olmayıb. SSRİ dağıldıqdan sonra bir-biri ilə əlaqələr quran türk dövlətləri ilk dəfə Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə Naxçıvan şəhərində imzalanan bir sazişlə Türk Şurasını təsis ediblər. Türk dünyasının ortaq iradəsinin simvoluna çevrilən bu şura gələcək böyük bir ailənin təməl daşı olub. Türk dövlətləri gücləndikcə və aradakı əlaqələr dərinləşdikcə bu platforma qlobal siyasi güc mərkəzinə çevrilməyə doğru addımlayıb. 2021-ci ildə İstanbul şəhərində keçirilən sammitdə şuranın əsasında “Türk Dövlətləri Təşkilatı”nın (TDT) yaradılması tarixi bir hadisə idi.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, “TDT+” genişlənmək hədəfini nəzərdə tutan ideyadır. Onun fikrincə, bu təşəbbüs qeyri-türk dövlətlərini, qlobal güc mərkəzlərini də bu platformaya cəlb etmək niyyəti güdür. Siyasi şərhçi hesab edir ki, ABŞ, Yaponiya, İsrail, Çin, Böyük Britaniya dünyanın texnoloji inkişafına görə "top-5"likdə olan dövlətlərdir: "Onlarla bu sahədə əməkdaşlığı inkişaf etdirmək sözsüz ki, üzv dövlətlərin maraqlarına uyğundur. Eyni zamanda təşkilatın bir qəlibə sığmadığını nümayiş etdirir. Yəni genişlənmə planı var və daha çox elmi-texniki sahəni nəzərdə tutur. Əslində “Turan” ideyasının reallaşması yalnız dövlət başçılarının bir araya gəlməsi ilə məhdudlaşmamalıdır. Burada siyasi-iqtisadi, hərbi, eləcə də digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi vacibdir. Çünki TDT hərbi blok və ya siyasi ittifaq deyil, əməkdaşlıq platformasıdır. O halda, əlaqələrini genişləndirməsində “TDT+” ideyası əngəl olmamalıdır".
X.Bəşirovun sözlərinə görə, Türk dünyası artıq nostalji olmaqdan çıxıb: “Hazırda biz bu təşkilatı iqtisadi marşrut, enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq edən platforma kimi görməkdəyik. Türküstan Zirvəsi də bu siyasi iradəni nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında hiss olunan əsas xətt də ondan ibarət idi ki, TDT "emosional yaxınlıq məkanı" deyil, geosiyasi bir aktora çevrilməkdədir. Türk dünyası artıq özünü gələcəyin layihəsi kimi təsdiqləmək istəyir. Məncə, bu potensial və əlverişli geosiyasi şərait də var. Bu gün Bakı, Ankara, Astana, Daşkənd, Bişkek arasında əlaqələr diplomatik protokol münasibətlərindən daha üstündür. Bunlar yeni Avrasiya tarazlığının formalaşmasında önəmli rol oynayan siyasi koordinasiya modelidir. Nəzərə almaq lazımdır ki, TDT Xəzərdən Aralıq dənizinə uzanan enerji xəttidir. Həmçinin Çindən Avropaya uzanan Orta dəhlizin əsas dayağıdır. Bu mənada “TDT+” ideyası böyük siyasi-iqtisadi bir xəritə hesab oluna bilər".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”