AZ

"Narkomaniya ilə mübarizə hər bir vətəndaşın borcudur" - Muğan Əliyev

"BMT-nin hesablamalarına görə, hazırda dünyada təxminən 300 milyon insan müxtəlif formalarda narkotik vasitələrin təsirindən əziyyət çəkir. Bu rəqəm 15–64 yaş arası dünya əhalisinin təxminən 5 faizini təşkil edir".

Bu fikirləri Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri,ictimai xadim Müğan Süleyman oğlu Əliyev(Müqamət) QHT.az-a açıqlamasında səsləndirib.

İctimai xadim vurğulayıb ki, narkotik vasitələr insan psixikasına ciddi təsir göstərən təhlükəli maddələrdir: "Narkotik vasitələr dedikdə, ölkələrin qanunvericiliyində və 1961-ci ildə qəbul olunmuş Beynəlxalq Vahid Konvensiyada qeyd edilən, insan psixikasına təsir göstərən, eyforiya yaradan təbii və sintetik mənşəli preparatlar və bitkilər nəzərdə tutulur. Bu vasitələrin istifadəsi nəticəsində insanlarda xroniki intoksikasiya, tolerantlığın artması, psixi və fiziki asılılıq yaranır. Nəticədə isə insanların cəmiyyətdən təcrid olunması, sosial-iqtisadi problemlərin və cinayətkarlığın artması müşahidə edilir".

M.Əliyevin sözlərinə görə, Azərbaycanda narkomaniya ilə mübarizə istiqamətində mühüm addımlar atılır: "Azərbaycanda narkomaniya ilə mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmiz 1998-ci ildən BMT-nin “Narkotik vasitələr haqqında” və “Psixotrop maddələr haqqında” Konvensiyalarına qoşulmuş, 1999-cu ildə isə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilmişdir".

Muğan Əliyev bildirib ki, dövlət proqramları çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı sistemli mübarizə aparılır: "Hazırda ölkəmizdə narkomaniya ilə mübarizə çərçivəsində dövlət proqramları icra olunur. 2025–2030-cu illəri əhatə edən proqram çərçivəsində hüquq-mühafizə, sərhəd və gömrük orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı müasir texnologiyalardan istifadə edilməklə genişmiqyaslı əməliyyatlar həyata keçirilir".

İctimai xadim qeyd edib ki, narkotiklərlə mübarizə dövlət siyasətinin əsas prioritetlərindən biridir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət və hüquq-mühafizə orqanlarının ardıcıl fəaliyyəti bu ümumbəşəri bəlanın qarşısının alınmasında mühüm rol oynayır".

M.Əliyev vurğulayıb ki, gənclərin maarifləndirilməsi narkomaniya ilə mübarizədə əsas amillərdəndir: "Narkomaniya ilə mübarizədə hər bir vətəndaşın fəallığı vacibdir. Xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi, onlarda narkotik vasitələrə qarşı müqavimət hissinin formalaşdırılması gələcək nəsillərin sağlam yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Muğan Əliyevin sözlərinə görə, zərərli vərdişlər gəncləri ciddi təhlükələrlə üz-üzə qoyur: "Siqaret, spirtli içkilər və müxtəlif narkotik maddələr kimi zərərli vərdişlər gəncləri ciddi təhlükələrlə üz-üzə qoyur. Bu vərdişlər QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riskini də artırır. Zərərli vərdişlərin yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin kifayət qədər güclü aparılmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili gənclərin riskli davranışlara meyil etməsinə səbəb olur".

İctimai xadim bildirib ki, İİV və QİÇS immun sisteminə ciddi zərbə vurur: "İİV immun sistemini zəiflədən virusdur, QİÇS isə bu infeksiyanın son mərhələsidir. İmmunitetin zəifləməsi nəticəsində vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranması üçün əlverişli şərait formalaşır".

M.Əliyevin sözlərinə görə, statistik göstəricilər narkomaniya probleminin aktuallığını bir daha ortaya qoyur: "Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə isə 2024-cü ildə 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub".

Muğan Əliyev vurğulayıb ki, dövlət səviyyəsində həyata keçirilən tədbirlər təhlükənin qarşısının alınmasına xidmət edir: "Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırılması, profilaktik tədbirlərə xüsusi önəm verilməsi və narkotizmin bütün təzahürlərinə qarşı barışmaz mövqe nümayiş etdirilməsi bu təhlükənin qarşısının alınmasına xidmət edir".

İctimai xadim sonda qeyd edib ki, cəmiyyətin birgə mübarizəsi sağlam gələcəyin təminatıdır: "Narkomaniya ilə mübarizədə cəmiyyətin bütün üzvləri fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha geniş maarifləndirilməsi onların zərərli vərdişlərə qarşı müqavimətini artıracaq, həm bugünkü, həm də gələcək nəsillərin sağlam formalaşmasına mühüm töhfə verəcəkdir".

Fatimə Nəbiyeva

Seçilən
1
1
qht.az

2Mənbələr