Samux, 20 may, AZƏRTAC
Bu ilin Samuxda 11 min 884 hektar sahədə dənli bitkilərin səpini aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda biçin kampaniyasına hazırlıq işlərinə başlanılıb. Məhsulun vaxtında və itkisiz yığılması, həmçinin ərzaq təhlükəsizliyinin təmini məqsədilə rayon icra hakimiyyəti və Samux Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən qərargah yaradılıb. Texnikaların saz vəziyyətə gətirilməsi üçün kombaynların, daşıyıcı traktorların və digər aqrotexniki vasitələrin texniki baxışdan keçirilməsi prosesi yekunlaşmaq üzrədir. Bununla yanaşı, biçin dövründə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün bütün texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunur, təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilir. Onlara əkin sahələrinin yandırılmaması və biçindən sonra vaxtında şumlanması ilə bağlı müvafiq tapşırıqlar verilir.
Yerli əhali təsərrüfatlarında, iri aqroparklarda biçin prosesinin mütəşəkkil təşkili və məhsulun vaxtında anbarlara daşınması üçün optimal marşrutlar müəyyənləşdirilib.
Qeyd edək ki, Samuxun təsərrüfatlarında ötən il 10 min 822 hektardan çox sahədə dənli bitkilərin biçini aparılaraq, 44301,3 tondan artıq yüksək keyfiyyətli məhsul əldə olunub. Orta məhsuldarlıq isə hər hektardan 43,5 sentner təşkil edib.