AZ

Mərakeş sosial mənzil subsidiyalarını tikinti şirkətlərindən ailələrə yönəldib

Mərakeşdə sosial mənzil siyasəti çərçivəsində dövlət dəstəyi tikinti şirkətlərinə verilən dolayı subsidiyalardan birbaşa ailələrə yönəldilib.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasında Milli Müstəqillər Birliyinin (RNI) parlament qrupunun sədri Mohamed El Bakkouri bildirib.

Onun sözlərinə görə, bu islahat vətəndaşların mənzil almaq imkanlarını genişləndirmək və sosial mənzil siyasətinin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Mohamed El Bakkouri qeyd edib ki, 2024–2026-cı illəri əhatə edən büdcə qanunları çərçivəsində əsas yaşayış yeri əldə etmək istəyən ailələr üçün birbaşa maliyyə dəstəyi mexanizmi tətbiq olunub.

O bildirib ki, Mərakeş parlamenti proqramın icrasını davamlı nəzarətdə saxlayır, tətbiq zamanı yaranan problemlərin aradan qaldırılması üçün qanunvericiliyə düzəlişlər edir.

Parlament qrupunun sədrinin sözlərinə görə, 2025-ci ilin sonunadək bu proqram çərçivəsində 101 min ailənin dəstək alması nəzərdə tutulur.

O əlavə edib ki, parlament torpaq təminatı, sosial mənzil layihələrinin icrası və mənzil maliyyələşdirilməsi ilə bağlı məsələlərə də xüsusi diqqət yetirir.

Mohamed El Bakkouri vurğulayıb ki, sosial mənzil siyasətinin əsas məqsədi aztəminatlı ailələr, qadınlar və digər həssas qruplar üçün təhlükəsiz və münasib qiymətə mənzilə çıxışı təmin etməkdir.

Seçilən
14
apa.az

1Mənbələr