AZ

UN-Habitat Gənclər Şurasının nümayəndəsi: Bakı şəhər inkişafı üzrə qlobal gündəmdə nümunə ola bilər

Bakı, 20 may, AZƏRTAC

Bakı dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə digər dövlətlər üçün nümunə ola bilər.

Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Gənclər üzrə Məşvərət Şurasının nümayəndəsi, “Red Diamond Compost” (Barbados) şirkətinin təsisçisi və baş icraçı direktoru (CEO) Coşua Forte səsləndirib.

Onun sözlərinə görə, WUF13 aparıcı ekspertlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, şəhər idarəçiliyi sahəsində çalışan mütəxəssislərin, eləcə də akademik və vətəndaş cəmiyyətinin bir araya gəldiyi ən mühüm platformalardan biridir. Forum ideyaların məzmunlu mübadiləsi və təkcə şəhərlərin gələcəyinə deyil, artıq bu gün tətbiq olunmalı praktik dəyişikliklərə təsir göstərən həllərin hazırlanması üçün şərait yaradır.

Forte forumun xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu platforma əsas müzakirə proseslərindən kənarda qalan qrupların səslərinin tez-tez eşidilməsinə imkan yaradır, onları dialoqa və gələcəyin şəhər siyasətinin formalaşdırılması prosesinə cəlb edir.

Agentliyin həmsöhbəti dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəmdə Azərbaycanın rolundan danışarkən ölkənin digər dövlətlər üçün nümunə ola biləcəyini vurğulayıb: “Bakı yaşıl zonaların şəhər mühitinə uğurlu inteqrasiyasını və təbii ekosistemlərlə urbanizasiya prosesinin harmonik uzlaşdırılmasını nümayiş etdirir. Bu yanaşma digər ölkələr üçün model kimi istifadə oluna bilər”.

Forte sürətlə böyüyən şəhərlərin qarşılaşdığı çağırışlarla bağlı suala cavabında əhalinin yüksək sıxlığının və şəhər infrastrukturunun həddindən artıq yüklənməsinin şəhər sistemlərinin səmərəliliyinin azalmasına səbəb olduğunu bildirib. O, həmçinin mövcud infrastrukturdan daha rasional istifadə edilməsinin və onun çoxfunksiyalı tətbiqinə keçidin vacibliyinə diqqət çəkib.

O, bu kontekstdə xrono-urbanizm konsepsiyasını xatırladaraq qeyd edib ki, çoxməqsədli infrastrukturun inkişafı və şəhər məkanlarından səmərəli istifadə sürətlə böyüyən şəhərlərin dayanıqlılığının artırılmasının əsas istiqamətlərindəndir.

Müxbir – Tamilla Məmmədova

Seçilən
15
1
azertag.az

2Mənbələr