AZ

Kolumbiyalı nazir müavini: Azərbaycanın həyata keçirdiyi layihələr mənə son dərəcə maraqlı görünür EKSKLÜZİV MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kolumbiyanın mənzil, şəhər və ərazi nazirinin müavini Aydee Marsiqliya Beyo AZƏRTAC-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

- WUF13-ün Azərbaycan tərəfindən təşkilini necə qiymətləndirirsiniz?

- Əvvəlcə bizi qəbul etdiyinə görə bu möhtəşəm ölkəyə və bu gözəl şəhərə təşəkkürümü bildirmək istəyirəm. Bizim coğrafiyamızda çox tanınmayan ölkələrin bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox vacibdir, çünki fərqli ölkələrin təcrübələrini öyrənmək imkanı yaradır. İlk baxışda bizim reallığımızdan uzaq görünən ölkələrlə əslində bir çox ortaq məqamlarımızın olduğunu görürük. Məhz bu cür tədbirlər başqa coğrafiyalardan gələrək sizinlə təcrübə və ideya mübadiləsi aparmağımıza şərait yaradır.

- Azərbaycan WUF13 çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və bərpaolunan enerji layihələrini təqdim etdi. Münaqişədən sonra bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılıb. Sizcə, bu layihələr qlobal şəhər innovasiyalarına necə töhfə verə bilər?

- Azərbaycanın burada həyata keçirdiyi layihələr mənə son dərəcə maraqlı görünür. Çünki bu, sıfırdan, eyni zamanda təmiz, bərpaolunan enerji əsasında qurulan bir planlaşdırmadır. Məsələn, bizim ölkə üçün bu, çox maraqlı bir təcrübədir. Çünki Kolumbiyada hazırda enerji keçidi məsələsini müzakirə etmək istəyirik. Qazıntı yanacaqlarından imtina edib təmiz və bərpaolunan enerji mənbələrinə keçmək istəyirik. Bu baxımdan, burada həyata keçirilən təcrübələr bizə yeni ideyalar verə bilər. Təəssüf ki, Kolumbiyanın sizin etdiyiniz investisiyaları həyata keçirmək üçün kifayət qədər resursları yoxdur. Amma bu layihələrin münaqişə qurbanlarına yönəlməsi çox maraqlıdır. Biz də uzun illər davam edən müharibədən çıxmışıq və 2016-cı ildə sülh sazişi imzalamışıq. Sülh sazişini imzalayan şəxslərin yaşayış məsələləri ilə bağlı oxşar təcrübə mövcuddur. Yəni keçmiş gerilla döyüşçüləri (Kolumbiyada üsyançı qruplar – red.) sülh sazişi çərçivəsində xüsusi zonalara köçürülmələri barədə razılığa gəlmişdilər. Bu təcrübələr bizə də müəyyən ideyalar verə bilər və gələcəkdə qarşılıqlı təcrübə mübadiləsi aparmaq mümkündür. Çünki biz hesab edirik ki, burada əsas məsələ yalnız urbanistika deyil, həm də kompleks yanaşmadır. Yəni söhbət təkcə yaşayış evlərindən getmir.

Hesab edirəm ki, bu layihələr çox maraqlıdır. Biz onların icra prosesini izləməyə davam edəcəyik və gələcəkdə təcrübə mübadiləsi aparmaq çox maraqlı olar.

- Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək, həmçinin şəhərlərin bu cür qurulması üçün bu gün əsas çətinliklər nələrdir?

- Latın Amerikasında sürətlə və plansız şəkildə böyüyən şəhərlərlə bağlı çoxsaylı təcrübələrimiz var. Uzun illər ərzində hər şeyi formal planlaşdırma çərçivəsinə salmağa çalışmışıq. Lakin bu, dövlət siyasətini müəyyən edən qurumların imkanlarını da aşır. Çünki münaqişələr nəticəsində insanlar şəhərlərə köç etməyə məcbur olurlar. Düşünürəm ki, burada əsas məsələ həmin ailələrə dəstək olmaqdır. Biz məhdud resurslar şəraitində fəaliyyət göstəririk. Kolumbiyada su ehtiyatları ətrafında ərazi planlaşdırılması yanaşmasını təşviq edirik. Yəni şəhərlərin su hövzələri əsasında necə planlaşdırıla biləcəyini, suyun haradan götürüldüyünü, əsas sanitariya və kanalizasiya sistemləri vasitəsilə hara yönəldildiyini nəzərə almaq vacibdir. Şəhərin planlaşdırılması çayların təbii axını nəzərə alınmaqla aparılmalıdır. Bu yanaşma texniki dəstəklə birlikdə qeyri-formal yaşayış yerlərindən gələn ailələrin daha rəsmi və təhlükəsiz ərazilərdə məskunlaşmasına kömək edə bilər. Beləliklə, mümkün təbii fəlakətlərin təsirlərini müəyyən qədər azaltmaq olar.

- Latın Amerikası şəhərlərinin sürətli inkişafı fonunda yaxın illərdə Kolumbiyada şəhərsalmanın əsas prioritetləri nə olmalıdır?

- Dediyim kimi, su ətrafında ərazi planlaşdırılması konsepsiyası bizim prezident tərəfindən təxminən on ildir irəli sürülür və məncə, doğru istiqamət də budur. Bu yaxınlarda Kolumbiyada çayın daşması nəticəsində ciddi təbii fəlakət baş verdi. Bu faciəli hadisə bizə göstərdi ki, şəhərlərin çaylar ətrafında düzgün planlaşdırılması gələcəkdə böyük şəhərlərdə oxşar fəlakətlərin qarşısını almağa kömək edə bilər. Məncə, Latın Amerikasında və ümumiyyətlə dünyada şəhərsalmanın gələcək istiqaməti məhz bu olmalıdır.

Müəllif – Ləman Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr