AZ

İnklüziv şəhərlər naminə birlik: Şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşlığı ilə “İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə” mövzusunda panel sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə müasir dövrdə şəhərlərin təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı yalnız dövlət qurumlarının deyil, eyni zamanda vətəndaş cəmiyyəti institutlarını, media platformalarını və beynəlxalq təşkilatların birgə əməkdaşlığını tələb etdiyini bildirib.

O vurğulayıb ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən təşəbbüslər şəhərlərdə sosial bərabərliyin, əlçatan infrastrukturun və ictimai iştirakçılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, QHT-lər bu prosesdə ictimai nəzarətin gücləndirilməsi, vətəndaşların maarifləndirilməsi, həssas qrupların ehtiyaclarının gündəmə gətirilməsi və ictimai iştirakçılığın təşviqi istiqamətində mühüm rol oynayırlar.

Milli Məclisin deputatları Vuqar İskəndərov və Vüqar Rəhimzadə çıxışlarında həssas qruplar üçün mənzil və məşğulluq imkanlarının genişləndirilməsinin dayanıqlı və inklüziv şəhərlərin formalaşmasında mühüm rol oynadığını bildiriblər. Qeyd edilib ki, şəhər mühiti elə qurulmalıdır ki, cəmiyyətin bütün üzvləri, o cümlədən əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları, qadınlar və gənclər sosial xidmətlərə, məşğulluq imkanlarına və şəhər infrastrukturuna bərabər şəkildə çıxış əldə edə bilsinlər.

Çıxışlarda, diqqətə çatdırılıb ki, son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar çərçivəsində həssas qrupların mənzil təminatı, məşğulluq proqramlarına cəlb olunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət tərəfindən icra olunan özünüməşğulluq proqramları, sosial mənzillə təminat layihələri və peşə hazırlığı təşəbbüsləri insanların sosial inteqrasiyasına və iqtisadi fəallığının artırılmasına xidmət edir.

Panel müzakirələrində Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva “İnklüziv şəhərlərin qurulması DİM 11-in həyata keçirilməsinin əsas hərəkətverici qüvvəsidir” mövzusunda çıxış edərək bildirib ki, müasir şəhərsalma yanaşmaları yalnız fiziki infrastrukturun inkişafı ilə məhdudlaşmamalı, eyni zamanda insan amilini, sosial ədaləti və bərabər imkanların təmin olunmasını əsas prioritet kimi qəbul etməlidir. Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədi 11 çərçivəsində təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması bütün cəmiyyət təbəqələrinin şəhər həyatında bərabər iştirakını təmin etməyi nəzərdə tutur.

Tədbirin ikinci panelində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də tikinti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlərdən danışıb. O bildirib ki, müasir tikinti standartlarının tətbiqi dayanıqlı və təhlükəsiz şəhərlərin formalaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov çıxışında şəhərsalma proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb. O vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının qərarvermə proseslərinə cəlb olunması daha inklüziv və dayanıqlı şəhər mühitinin formalaşmasına töhfə verir.

Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, “İqtisadi və Sosial Araşdırmalara Dəstək” İctimai Birliyinin sədri Əyyub Kərimov isə “İnklüziv və Dayanıqlı Şəhərlərin Maliyyələşdirilməsi: BMT Təşəbbüsləri və Yerli İqtisadi Mexanizmlər” mövzusunda çıxış edərək inklüziv şəhər inkişafı üçün yaşıl maliyyələşmə, yerli iqtisadi alətlər və beynəlxalq təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılar urbanizasiya, sosial inklüzivlik, mənzil siyasəti, təhlükəsiz şəhər infrastrukturu, ictimai iştirakçılıq və yaşıl maliyyələşmə mexanizmləri üzrə fikir mübadiləsi apararaq, beynəlxalq təcrübələr və yerli yanaşmaları müzakirə ediblər.

Müxbirlər - Gülay Nəzərova, Mehrac Ağasiyev

Fotomüxbir - Elşad Mirzə

Operator - İlham Nadirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr