Masallıda “CareerLAB” çərçivəsində karyera paneli
Masallıda gənclərin karyera inkişafına və əmək bazarına hazırlığına dəstək məqsədilə “CareerLAB” şəbəkəsi çərçivəsində “Karyera və mədəni dəyərlər: Müasir gəncin inkişaf platforması” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsi, Masallı Dövlət Regional Kolleci, Lənkəran-Astara Regional Məşğulluq filialının Masallı rayon xidmət şöbəsi və Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Panel müzakirələrdə Masallı Dövlət Regional Kollecinin sonuncu kursunda təhsil alan və istehsalat təcrübəsi alan 120-dən çox tələbə iştirak edib.
Rayon Mədəniyyət Mərkəzindəki tədbir öncəsi Dövlət Himnimiz səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov müasir dövrdə gənclərin peşəkar inkişafı, düzgün karyera planlaması və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev “CareerLAB” şəbəkəsinin fəaliyyəti, gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş layihələr, eləcə də əmək bazarına inteqrasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Panel çərçivəsində iştirakçılara əmək bazarında ön plana çıxan bacarıqlar, şəxsi inkişaf və uğurlu karyera planlamasının əhəmiyyəti, könüllülük fəaliyyətinin peşəkar inkişafda rolu, eləcə də mədəni dəyərlərin gənclərin formalaşmasına təsiri barədə ətraflı məlumat təqdim olunub.
Həmçinin iştirakçılar spikerlərlə interaktiv dialoq quraraq onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıb və suallarına ətraflı cavab alıblar.
Akif AĞAYEV