ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İsrailin Fələstinə humanitar yardım aparan “Sumud” donanmasına qarşı qəddarlığı beynəlxalq müstəvidə ciddi etirazlara səbəb olub. Üstəlik, Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin donanmadakı mülki şəxslərə qarşı hərəkətləri hiddətlə qarşılanıb.
“AzPolitika” xəbər verir ki, İsrailli nazirin saxlanılan humanitar yardım donanmasının üzvlərinə qarşı davranışı təkcə sosial mediada deyil, beynəlxalq müstəvidə böyük qalmaqal yaradıb.
Saxlanılan əcnəbi vətəndaşlara qarşı İsrail qüvvələrinin və xüsusilə də nazirin sərt rəftarının görüntüləri rəsmi nazirlik kanalları vasitəsilə yayımlanıb. Görüntülərdə əlləri arxadan bağlı və başı aşağı əyilmiş bir qrup xarici vətəndaşın diz çökdüyü görünür.
Həmin vaxt Ben-Qvir qandallı məhbusların arasında İsrail bayrağını yelləyərək gəzib və onları təhdid edib: "İstirahət düşərgəsi bitdi! İsrail Dövlətinə qarşı hərəkət edən hər kəs ölkəmizin tam qətiyyəti ilə qarşılaşacaq. İsrail xalqı yaşayır!".
Videonun bir hissəsində bir fəal "Fələstinə azadlıq!" deyə qışqırıb, bundan sonra əsgərlər güc tətbiq edərək onu yerə yıxıblar.
Ben-Qvir İsrail Baş naziri Benyamin Netanyahunu saxlanılan əcnəbiləri həbsdə saxlamağa və onları terrorçuların olduğu həbsxanalara köçürməyə çağırıb.
Lakin İsrailin Xarici İşlər Naziri Gideon Saar videonu yayan nazir İtamar Ben-Gviri sərt tənqid edib: "Siz rüsvayçı bir şou nümayiş etdirməklə dövlətə qəsdən ziyan vurdunuz və bu, ilk dəfə deyil. Xeyr, siz İsrailin siması deyilsiniz".
Bu arada İtaliyanın Baş naziri Giorgia Meloni də görüntülərə cavab olaraq Ben-Gvirin davranışını "qəbuledilməz" adlandırıb: "Bir çoxu İtaliya vətəndaşı olan bu nümayişçilərin ləyaqətini təhqir edən bu cür rəftara məruz qalması qəbuledilməzdir". İtaliya Baş naziri həmçinin İsrail səfirinin rəsmi izahat üçün Xarici İşlər Nazirliyinə çağırılacağını bildirib.
Giorgia Meloni və xarici işlər naziri Antonio Tayani İsraildən üzr istəməsəni də tələb ediblər.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.