AZ

Qırğızıstan BMT TŞ nin qeyri daimi üzvü olmaq istəyir Japarovun müraciəti

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu gün qlobal miqyasda geosiyasi rəqabət gücləndikcə, beynəlxalq hüququn universallığı azalır və münaqişə potensialı artır. Hazırkı geosiyasi dinamika yalnız bu qiymətləndirməni təsdiqləyir”.

525.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun  3 iyun 2026-cı ildə Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkiləri ərəfəsində dövlət başçılarına müraciətində deyilir.

Prezident bildirib ki, Avropa, Yaxın Şərq və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələr beynəlxalq sistemin dayanıqlığını sınağa çəkməyə davam edir.

“Dünya miqyasında hərbi münaqişələrə üç trilyon ABŞ dollarından çox xərclənir. Bu pul bütün bəşəriyyət üçün layiqli bir həyat təmin edə bilər. Əgər bu xərclər planetin yaşıllaşdırılmasına və ayrı-ayrı ölkələrdə aclığın aradan qaldırılmasına yönəlsəydi, planetimiz çiçəklənən bir bağa çevrilə bilərdi. Bu şəraitdə BMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şurasında inklüziv və ədalətli təmsilçiliyi məsələləri, həmçinin onun bütün beynəlxalq ictimaiyyət adından qərarlar qəbul edən bir orqan kimi legitimliyini qoruyub saxlamaq qabiliyyəti ön plana çıxır. Qırğız Respublikası hesab edir ki, Şuranın tərkibində mövcud disbalansın, xüsusilə kiçik, inkişaf etməkdə olan və dənizə çıxışı olmayan dövlətlərin yetərsiz təmsilçiliyi kollektiv təhlükəsizlik arxitekturasının dayanıqlığını sarsıdır. BMT-nin bu mühüm orqanında müxtəlif dövlət qruplarının faktiki təmsilçiliyinin genişləndirilməsi siyasi üstünlük deyil, obyektiv zərurətdir”, - Japarov bildirib.

Əlavə edib ki, Qırğızıstan blok öhdəlikləri sistemi ilə bağlı deyil və qarşıdurmaya əsaslanan geosiyasi konfiqurasiyalara cəlb olunmayıb: 

“Bu, bizə Təhlükəsizlik Şurası çərçivəsində qütbləşmənin azaldılmasına və funksional dialoqun bərpasına yönəlmiş balanslı, müstəqil və praqmatik mövqe tutmağa imkan verir. Bizim yanaşmamız BMT Nizamnaməsinin qeyd-şərtsiz prioritetinə və onun seçici şəkildə tətbiq edilməsinin yolverilməzliyinə əsaslanır. Biz ikili standartlar praktikasına, humanitar gündəmin siyasiləşdirilməsinə və Şura mexanizmlərindən dar maraqlar üçün sui-istifadəyə qarşı davamlı olaraq çıxış edirik. Bu yanaşmanın praktiki səmərəliliyi Qırğız Respublikasının regional sabitliyin təmin edilməsi sahəsindəki təcrübəsi ilə təsdiqlənir”.

Prezident deyib ki, Mərkəzi Asiyanın mürəkkəb postmünaqişə və transformasiya mühiti şəraitində qonşu dövlətlərlə sərhədlərin delimitasiyası ilə bağlı bütün məsələləri yalnız sülh yolu ilə həll etməyə nail olmuşuq: “Bu, deklarativ mövqe deyil, hətta təhlükəsizliyin ən həssas məsələlərinin belə danışıqlar və maraqların qarşılıqlı nəzərə alınması əsasında tənzimlənə biləcəyini nümayiş etdirən reallaşdırılmış bir modeldir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli iştirakçısı və BMT-nin İnsan Hüquqları Şurasının üzvü kimi, Qırğızıstan demokratiyanın, insan hüquqlarının və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir, beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam edir”.

Sadır Japarovun  sözlərinə görə, 2025-ci ildə qəbul edilmiş "Qırğızıstan Respublikası Prezidentinin və Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlamentinin) deputatlarının seçkiləri haqqında" Qanuna uyğun olaraq, qadınlar, gənclər, etnik azlıqlar, əlilliyi olan şəxslər üçün kvotalar tətbiq edilib: 

“Dünyada parlamentdə qadınlara ən çox yer ayran ölkələrdən biriyik. Bizim prioritetlərimizə aşağıdakılar daxildir: preventiv diplomatiyanın rolunun gücləndirilməsi; vasitəçilik mexanizmlərinin inkişafı; kütləvi qırğın silahlarının yayılmaması və nüvə tərksilahının təşviqi; iqlim və təhlükəsizlik arasında əlaqənin institusionallaşdırılması. Qırğızıstan kütləvi qırğın silahlarından hərtərəfli imtina prinsipləri əsasında öz xarici siyasətini ardıcıl şəkildə həyata keçirir. Biz Mərkəzi Asiyada nüvəsiz zona yaradılması təşəbbüsünün əsasını qoyanlardan biri olmuşuq və tərksilah sahəsində əsas beynəlxalq təşəbbüslərin iştirakçısıyıq. Qırğızıstanın 2025-ci ildə Nüvə Silahlarının Qadağan Edilməsi haqqında Müqaviləni imzalaması bizim nüvəsiz gələcəyin qlobal təhlükəsizliyin əsasını təşkil etdiyinə inamımızı əks etdirir. Bizim davamlı inkişaf və təhlükəsizlik məsələlərinə yanaşmamız kompleks xarakter daşıyır. Dənizə çıxışı olmamasına baxmayaraq, ölkəmiz 2025-ci ildə Dəniz Bioloji Müxtəlifliyi üzrə Razılaşmaya qoşularaq qlobal ekosistemlərin qorunmasına sadiqliyini təsdiqləyib. Dağlıq ölkə kimi biz təbii sistemlərin bir-biri ilə bağlılığı - “dağlardan okeanlara” konsepsiyasını təşviq edirik, qlobal ekoloji sistemin dayanıqlığının bölünməz olduğunu anlayaraq”.

O bildirib ki, Qırğızıstan xüsusilə Əfqanıstanda vəziyyətə diqqət ayırmağı planlaşdırır: “Biz hesab edirik ki, Mərkəzi Asiyanın təhlükəsizliyi bu ölkədən ayrı nəzərdən keçirilə bilməz. Ardıcıl olaraq əfqan xalqına humanitar yardım göstəririk, qadınlar və uşaqların dəstəklənməsi daxil olmaqla, onun mərhələli iqtisadi və siyasi inteqrasiyasını dünya ictimaiyyətinə təşviq edirik”. 

Prezident deyib ki, Qırğız Respublikasının namizədliyi Mərkəzi Asiya dövlətlərinin yekdil dəstəyini qazanıb ki, bu da regional konsolidasiya səviyyəsinin keyfiyyətcə yeni mərhələsini əks etdirir və Təhlükəsizlik Şurasında geniş dövlətlər maraqlarını nəzərə alan, razılaşdırılmış və məsuliyyətli mövqe ilə çıxış etməyə hazır olduğunu təsdiqləyir.

“Qırğızıstan Təhlükəsizlik Şurası üzvlüyünə xüsusi önəm verir. Hesab edirik ki, Şura öz ilkin funksiyasına qayıtmalıdır - qərarların hüquqa, maraqların balansına və həqiqi olaraq münaqişələrin qarşısının alınmasına yönəldilməsi prinsiplərinə əsaslanaraq qəbul edilməsi, münaqişələrin siyasi müşayiətinə xidmət etməməsi zəruridir. Ölkəmiz, digər altmış dövlətlə birlikdə, heç vaxt Təhlükəsizlik Şurasının üzvü olmayıb, halbuki rəqibimiz Filippin əvvəllər onun tərkibində dörd dəfə olub. Qırğızıstanın seçilməsi dünya ictimaiyyətinin tarixi ədaləti bərpa etmək və bütün ölkələrə BMT-nin aparıcı orqanına seçilməkdə bərabər hüquq verməkdə siyasi iradənin göstəricisi olacaq.

Seçildiyi təqdirdə, biz Təhlükəsizlik Şurasının fəaliyyətinin səmərəliliyini və şəffaflığını artırmağa davam etməyə, qlobal çağırışlar və təhdidlərin həllində beynəlxalq ictimaiyyətin kollektiv səylərinə layiqli töhfə verməyə öhdəlik götürürük”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
525.az

1Mənbələr