“Çinin Rusiya və İrana iqtisadi, siyasi və texnoloji dəstəyi onların tam məğlubiyyətinin qarşısını müəyyən dərəcədə ala bilər. Pekin Rusiya üçün enerji bazarı, texnologiya mənbəyi və sanksiyalardan yayınma kanalı rolunu oynayır; İran üçün isə neft alıcısı, diplomatik dayaq və alternativ iqtisadi nəfəs borusudur”.
Politoloq Züriyyə Qarayeva bu fikri KONKRET.az-a açıqlamasında səsləndirib.

“Amma bu dəstək onları tam qalib etmir, sadəcə çöküşü ləngidir və müqavimət imkanlarını artırır. Çin bu prosesdə ehtiyatlı davranır: Rusiya və İranın zəifləməsinə qarşıdır, lakin onlara görə ABŞ və Qərblə birbaşa toqquşmaya da getmək niyyətində deyil”.
Politoloq vurğulayır ki, ABŞ və Çin arasında birbaşa hərbi müharibə ehtimalı realdır.
“Ən təhlükəli nöqtələr Tayvan boğazı, Cənubi Çin dənizi, texnoloji bloklaşma və hərbi insidentlərin nəzarətdən çıxmasıdır. Hazırda hər iki tərəf rəqabəti sərtləşdirir, lakin nüvə silahı, qlobal iqtisadi asılılıq və müharibənin dağıdıcı nəticələri onları birbaşa savaşdan çəkindirir. Buna görə daha real ssenari açıq müharibə yox, uzunmüddətli soyuq müharibə, proksi qarşıdurmalar, sanksiyalar, texnoloji ayrışma və regional böhranlar üzərindən güc mübarizəsidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az