Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev şəhər nəqliyyatının gələcəyi ilə bağlı mühüm fikirlər səsləndirib. O bildirib ki, dünya təcrübəsi göstərir sadəcə yeni yollar tikmək tıxac problemini tam həll etmir. Nazir vurğulayıb ki, əsas yanaşma ictimai nəqliyyatın bir-birini tamamlayan sistem kimi qurulması və hərəkət vaxtının azaldılmasıdır. Bütün bu yanaşmalar fonunda əsas sual yaranır- şəhər nəqliyyatında real rahatlıq üçün hansı addımlar daha effektiv ola bilər?
Bakıda əsas problem yol çatışmazlığıdır, yoxsa nəqliyyatın düzgün idarə olunmaması? Taksi sayının azaldılması şəhərdə vəziyyəti yaxşılaşdıra bilərmi?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, şəhər nəqliyyatının şaxələndirilməsi birmənalı olaraq vacibdir:
“Bunların hamısı paralel şəkildə həyata keçirilməlidir. Yəni, təkcə şəhər nəqliyyat infrastrukturu deyil, yollar da inşa olunmalı, avtobuslar paylanmalı və şaxəli koordinasiya sistemi qurulmalıdır.
Yəni, sərnişinlərin və ya şəxslərin bir yerdən digərinə gediş-gəlişini təmin etmək üçün xüsusi zolaqlar, xüsusi hərəkət qrafikləri və tam təchiz edilmiş şəhər infrastrukturu istifadəyə verilməlidir.
Məsələn, bu gün avtobusların yollarda hərəkəti zamanı nəqliyyat vasitələrinin idarə olunması birbaşa yol şəbəkəsi və nəqliyyat vasitələri arasında koordinasiyanın təşkilindən ibarət olmalıdır.
Hər hansı bir şəxs hərəkət etdiyi zaman onun yolda keçirdiyi müddət azalmalıdır. Yəni, insan A məntəqəsindən B məntəqəsinə gedirsə, onun yolda olma müddəti minimum olmalıdır.
Məsələn, mən evdən çıxmışam və işə, məktəbə və ya digər fəaliyyət istiqamətinə gedirəm. Hər hansı fəaliyyət üçün müəyyən bir məsafə qət etməliyəm və həmin məsafənin qət olunmasına sərf edilən vaxt mümkün qədər az olmalıdır.
Yəni, məqsəd insanların yollarda daha az vaxt keçirməsini təmin etməkdir. Bu və digər yollarla koordinasiyalı və informasiya əsaslı nəqliyyat sistemindən danışmaq mümkündür.
Əks halda, bunlar həllini tapmayan məsələlər sırasında qalmağa davam edəcək.