AZ

​Keçmiş məcburi köçkünlərin nəzərinə:

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra işğaldan azad edilən ərazilərdə quruculuq və abadlıq işlərinə start verilib. Dağıdılmış şəhər və kəndlər yenidən quruldu, yollar çəkildi, hava limanları istifadəyə verildi, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri tikilib. Metbuat.az xəbər verir ki, “Böyük Qayıdış” prosesində ilk köç Zəngilan rayonunun Ağalı kəndinə həyata keçirildi. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı illərlə yurd həsrəti yaşayan insanların doğma torpaqlara dönüşünün simvoluna çevrilib. Daha sonra köç karvanları Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Xocalı və digər yaşayış məntəqələrinə istiqamətləndirildi. Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən öz sakinlərini qarşıladı. Şuşaya qayıdan ailələr üçün yeni yaşayış binaları istifadəyə verildi. Füzuli və Cəbrayılda müasir yaşayış məhəllələri salındı, Zəngilanda yeni kəndlər inşa edildi. Tədricən Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrində həyat yenidən canlanmağa başladı.Hazırda işğaldan azad olunan ərazilərdə minlərlə keçmiş məcburi köçkün daimi məskunlaşıb. Rəsmi məlumatlara görə, bu günə qədər 20 mindən çox keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı təmin edilib. Bölgədə yaşayanların ümumi sayı isə burada çalışan dövlət qulluqçuları, müəllimlər, həkimlər və müxtəlif sahələrdə fəaliyyət göstərən əməkdaşlarla birlikdə 50 min nəfəri ötür.

Qeyd edək ki, “Böyük Qayıdış” Proqramı işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi, sosial infrastrukturun qurulması və əhalinin mərhələli şəkildə geri qaytarılmasını nəzərdə tutur. Rəsmi məlumatlara əsasən, Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşaması nəzərdə tutulur. Ümumilikdə isə növbəti mərhələlərdə yüz minlərlə keçmiş məcburi köçkünün doğma torpaqlarda daimi məskunlaşdırılması planlaşdırılır. Genişmiqyaslı məskunlaşma prosesinin əsas hissəsinin 2040-cı ilə qədər tamamlanacağı gözlənilir.

Seçilən
14
metbuat.az

1Mənbələr