AZ

Ötən ildən Kişinyovun yeni Baş planının hazırlanmasına başlanılıb

Kişinyovun Baş planı 2007-ci ildə, torpaq istifadəsi qaydaları isə 2008-ci ildə işlənib hazırlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Kişinyov bələdiyyəsinin nümayəndəsi Svetlana Dünya Şəhər Forumunun 13-cü sessiyası (World Urban Forum 13) çərçivəsində keçirilən "İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üzrə dərslər" adlı panel müzakirəsində bildirib.

O bildirib ki, lakin bu planların həmin ərazidə istifadəsi və tətbiqi üçün nəqliyyat sxeminin həlli ilə birlikdə xüsusi zonalaşdırma planı hazırlanmalı idi: "Təəssüf ki, uzun müddət bunu həyata keçirmək mümkün olmayıb. Amma iki il əvvəl bu ərazi üçün zonalaşdırma planının hazırlanmasına başlanılıb və eyni zamanda qanunvericiliyə uyğun olaraq çox detallı tarixi istinad planı hazırlanmalı olub".

O vurğulayıb ki, şəhər mərkəzində nələrin qorunmalı olduğu və hansı müdaxilələrin edilə biləcəyi ilə bağlı ciddi müzakirələr gedir: "Bu işlə paralel olaraq ötən ildən etibarən şəhərin yeni baş planının hazırlanmasına da başlanılıb. Məqsəd bu iki sənədi bir biri ilə uyğunlaşdırmaq, onların ziddiyyət təşkil etməməsini təmin etmək və eyni zamanda nəqliyyat məsələlərini həll etməkdir".

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr