Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzusunda tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə şəhər dayanıqlılığının formalaşdırılmasında medianın effektivliyi müzakirə olunub.
“Media İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Qabil Rüstəmov qeyd edib ki, hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji və müasir şəhərsalma həlləri əhəmiyyətli nümunələrdir.
Onun sözlərinə görə, media inklüziv urbanizasiya, yaşıl infrastruktur və davamlı inkişaf siyasətinin təşviqində mühüm rol oynayır:
“Bu məqsədlə regional media əməkdaşlığının yaradılması urban maarifləndirməsi və sosial məsuliyyət yanaşmasını daha da gücləndirə bilər”.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva isə tədbirdə çıxışı zamanı səsləndirib ki, WUF13 kimi beynəlxalq platformalar şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynayır.
O qeyd edib ki, belə qlobal təşəbbüslərin cəmiyyətə düzgün çatdırılmasında medianın peşəkarlığı, rəqəmsal kommunikasiya və keyfiyyətli ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır. “Media hərəkətverici qüvvədir. Xüsusilə bu sahədə iştirakçı aktorlardandır”, - deyə o əlavə edib.
Milli Məclisin deputatı Nigar Arpadarai deyib ki, şəhərlər hər zaman iqtisadi tərəqqinin göstəriciləri olub:
"Təbii ki, burada media xüsusi vasitəçi rolunu oynayır. Yəni biz bərabər, sürətli informasiya mübadiləsi aparmalıyıq. Obyektiv informasiya mübadiləsi prosesi çox vacibdir. Bizim düzgün məlumatlandırılmağımız, hazırlıqlı olmağımız, çox böyük bir rol oynayır. Düşünürəm ki, daha güclü kommunikasiya apara bilərik”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib ki, müasir media yalnız məlumat mənbəyi deyil. O, eyni zamanda, beynəlxalq kommunikasiya və milli maraqlar üçün hərəkətverici qüvvədir. Xüsusilə şəhərlərdə, yaşayış məskənlərində davamlılığın, dayanıqlılığın artırılması üçün olduqca önəmli aktordur.
O qeyd edib ki, media platformalarını maraqlı tərəflər, qruplar oxuyur. Yəni media onları birləşdirir və dialoq üçün hazırlayır. Həmçinin qurumlar arasında körpü rolunu oynayır.
“Dayanıqlılığının təmin edilməsi ictimai məlumatlandırma ilə də bağlıdır”, - deyə deputat əlavə edib.
Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov çıxışı zamanı bildirib ki, bu mövzu müasir cəmiyyətin gələcək inkişaf vektorunu təyin edən əsas amillərdən biridir.
"Eyni zamanda, dünyada baş verən demoqrafik artım fonunda, çevik şəhərsalma siyasətinin yürüdülməsini və bu istiqamətdə qlobal dialoqun qurulmasını zəruri edir. Bu proseslərdə medianın rolu xüsusi əhəmiyyət kəsb edir. Media təkcə bir məlumatlandırma vasitəsi deyil, həm də çox vacib bir platformadır".
O vurğulayıb ki, şəhərsalma, şəhərsalma siyasəti və düzgün kommunikasiya strategiyaları birbaşa cəmiyyətin bu sahədəki qərarları dərk etməsinə təsir göstərir:
"Şəhərlər sürətlə böyüdükcə biz aydın dərk edirik ki, dayanıqlılıq sistemi birtərəfli mexanizmlərlə və ya sadəcə situativ həllərlə təmin oluna bilməz. Bu məsələ dövlət institutları ilə vətəndaşlar arasında sıx əməkdaşlığı və tərəfdaşlığı mütləq edən bir sferaya çevrilir.
Professional media nümayəndələri, sahə üzrə ekspertlər və icmalar öz aralarında vaxtında və şəffaf informasiya mübadiləsi aparmaqla cəmiyyətdə tələb olunan balansı yaratmağa qadirdirlər. Şübhəsiz ki, bu qarşılıqlı kommunikasiya, şəhərsalma siyasətinin ən mühüm istiqamətləri olan əlçatan mənzil təminatı, inklüziv məskunlaşma və digər prioritet məsələlərdə operativ və effektiv cavab tədbirlərinin formalaşmasına birbaşa töhfə verəcəkdir".
Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel açıqlamasında qeyd edib ki, milyonlarla insan qeyri-rəsmi yaşayış məskənlərində, möhkəm və dayanıqlı olmayan infrastruktur şəraitində ömür sürməyə məcbur olur:
"Məhz buna görə də qlobal media bizim üçün mühüm bir çıxış yolu və xilasedici vasitə rolunu oynayır. Media bu həssas cəmiyyət təbəqələrinin real həyat şəraiti barədə düzgün və obyektiv məlumatları dünya ictimaiyyətinə çatdırmaq gücünə malikdir".
Onun sözlərinə görə, forum yerli icmaların görünməyən problemlərini beynəlxalq səviyyədə gündəmə çıxarılması və bu məsələlərin media vasitəsilə daha geniş auditoriyaya çatdırılması baxımından mühüm platformadır.
"Biz bir həqiqəti qəbul etməliyik: bəzi vacib məsələlər və yerli sakinlərin, bazarların qarşılaşdığı reallıqlar var ki, onlar əksər hallarda hesabatlardan kənarda qalır və işıqlandırılmır. İnanıram ki, bu forum təcrübəsi bizə media vasitəsilə səsimizi daha uca səsləndirmək və problemlərimizi qlobal müstəvidə təşviq etmək imkanı verəcək", - deyə o qeyd edib.
“Ikua4change” təşkilatının həmtəsisçisi, Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith qeyd edib ki, media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur.
"Çalışmaq lazımdır ki, düzgün informasiyaları artıraq, maarifləndirməni genişləndirək. Qurumlar media institutları ilə daim əməkdaşlıq etməli, birlikdə işləməlidir. Onlar daha dayanıqlı gələcək quracaqlar. Bu bizim səslərimizin eşidilməsi üçün də vacibdir”.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə bildirib ki, media insanların həyat tərzini müsbətə doğru dəyişdirə biləcək və onların bu çağırışlara qarşı fərdi və kollektiv münasibətini formalaşdıracaq ən təsirli amildir:
"Eyni zamanda, əhalinin əlçatan və dayanıqlı mənzillərlə təmin olunması müasir şəhərlərin gələcəyi üçün təməl şərtdir. İnsanların çoxşaxəli sosial-iqtisadi problemlərlə qarşılaşdığı belə bir dövrdə medianın üzərinə çox böyük məsuliyyət düşür".
O deyib ki, media və yaradıcı platformalar şəhərsalma və mənzil problemlərini insan hekayələri üzərindən işıqlandırmaqla cəmiyyətdə sosial həssaslığın və ictimai məsuliyyətin artmasına töhfə verir.
"Məsələn, blogerlərimiz, sənədli film rejissorlarımız və media nümayəndələrimiz şəhərsalma prinsiplərini və mənzil problemlərini gündəmə gətirəndə, cəmiyyət bu məsələlərə daha çox həssaslıqla yanaşmağa başlayır. İnsanlar evsizlik problemlərinə, ehtiyac sahiblərinin mənzil şəraitinin yaxşılaşdırılmasına qarşı daha diqqətli olurlar. Çünki peşəkar media subyektləri yalnız tikilən binaların statistikası barədə hesabat vermir, həm də həmin binalarda yaşayan insanların həyatını, duyğularını, ümidlərini və qarşılaşdıqları çətinlikləri bütün çılpaqlığı ilə işıqlandırır", - deyə A.Mirzəyev qeyd edib.
Qeyd edək ki, WUF13 çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Dayanıqlı şəhər inkişafı və medianın roluna dair” Bəyanat qəbul edilib.
Aytəkin TOFİQQIZI













