AZ

İsrail XİN başçısı Ben-Qviri “Sumud Donanması” fəallarını təhqir etdiyinə görə tənqid edib

Gideon Saar milli təhlükəsizlik nazirinin hərəkətlərinin İsrailin beynəlxalq imicinə zərər vurduğunu bildirib...

Poliqon xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri “Sumud Donanması”nın saxlanılan fəallarını təhqir etməsinə görə sərt şəkildə tənqid edib.

Məlumata görə, Ben-Qvir gün ərzində israilli həbsxanalardan birində saxlanılan fəallarla görüş keçirib və onların ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra Gideon Saar sosial şəbəkədə paylaşım edərək nazirin davranışını “utancverici tamaşa” adlandırıb.

İsrail XİN rəhbəri qeyd edib ki, Ben-Qvirin bu addımı ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Saar vurğulayıb ki, İsrail ordusunun hərbçiləri, Xarici İşlər Nazirliyinin əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən aparılan uzunmüddətli diplomatik səylər belə davranışlarla kölgə altına düşür.

“Bu utancverici tamaşa ilə sən qəsdən ölkəyə zərər vurdun və bu ilk dəfə deyil. Sən İsrail ordusunun əsgərlərindən tutmuş Xarici İşlər Nazirliyinin əməkdaşlarına qədər bir çox insanın böyük peşəkar səylərini dəyərsizləşdirdin. Xeyr, sən İsrailin siması deyilsən”, deyə Gideon Saar “X” hesabında yazıb.

Qeyd edək ki, “Sumud Donanması” Fələstinlə həmrəylik aksiyaları və Qəzza zolağı ilə bağlı humanitar təşəbbüslərlə tanınan fəal qruplardan biri hesab olunur. İsrail hakimiyyətinin bu fəallarla bağlı addımları son dövrlərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Poliqon.info

Seçilən
62
poliqon.info

1Mənbələr